Sığorta şirkətləri müştəriləri lazımsız asılılığından qurtarmaq istəmir...
Niyazi Əliyev: “Sığorta ilə bağlı problemin yaranmasına səbəb sığorta şirkətlərinin ziyanla işləməsidir”
Son zamanlar sığorta şirkətləri ilə bağlı narazılıqlar artıb. Şikayətçilər bildirir ki, sığorta şirkətləri onlayn sığorta sistemini bağlayıb. Belə olan halda insanlar sistemə daxil olaraq avtomobillərini sığorta edə bilmirlər.
İddia olunur ki, ancaq sığorta agentləri sistemə daxil ola bilirlər. Bu tip şikayətlərin sayı artıb. Narazılıqlardan belə aydın olur ki, vətəndaş avtomobilini sığorta etdirmək istəyir, lakin ona təkbaşına bu prosesi həyata keçirməsi üçün şərait yaradılmır. Məcbur olur sığorta agentlərinə müraciət etsin. Təbii ki, bu zaman agentə də əlavə ödəniş etməli olur.
“İstənilən şəxs onlayn şəkildə icbari sığorta almaq hüququna malik olsa da, bu sahədə müəyyən problemlər yaşandığı üçün insanlar onlayn sığorta sistemindən yararlana bilmir”
Mövzu ilə bağlı fikir bildirən sığorta eksperti Niyazi Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və bu sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı müəyyən işlər görülür. Buna baxmayaraq, sığorta şirkətləri ilə bağlı narazılıqlar artır: “Sığorta ilə bağlı problemin yaranmasına səbəb sığorta şirkətlərinin ziyanla işləməsidir. Şirkətlərin zərərlə işləməsi onları maliyyə çatışmazlığı risqi ilə üz-üzə qoyur. Şirkətlərin ziyanla işləməsinin səbəbi isə kiçik mühərrikli maşınların taksi kimi işləməsidir. Danılmaz faktdır ki, sığorta şirkətləri həmin maşınları sığortalamaq istəmir. Əslində onları da başa düşmək lazımdır. Nəzərə almaq lazımdır ki, taksilərdə risq daha çoxdur. Amma ödədikləri sığorta məbləği adi maşınlarla eynidir. Bu səbəbdən də şirkətlər bu tip maşınları sığorta etməkdən yayınır. Ancaq bu çıxış yolu deyil. Məlumdur ki, 2022-ci il oktyabrın 1-də Mərkəzi Bankın qərarı ilə sığorta haqqının hesablanma qaydası dəyişdi. Lakin bu, müsbət nəticə vermədi. Problemin həlli üçün məsələ yenidən gündəmə gəlməli, qanunvericiliyə dəyişiklik edilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, istənilən şəxs onlayn şəkildə icbari sığorta almaq hüququna malikdir: “Ancaq bu sahədə müəyyən problemlər yaşandığı üçün insanlar onlayn sığorta sistemindən yararlana bilmir. Bunun da səbəbi şirkətlərin zərərlə işləməsi və məsuliyyəti öz üzərlərindən atmasıdır”.
Günel CƏLİLOVA