BTQ Fransanın dənizaşırı ərazilərində insan hüquqları pozuntularına dair Hesabatla bağlı mətbuat konfransı keçirəcək
Oktyabrın 25-də Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını əks etdirən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcək.
Bu tədbir Fransanın bu günədək əsarət altında saxladığı müstəmləkə ərazilərindəki ciddi insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq dəstək qazanmaq məqsədi daşıyır.
Fransanın bu ərazilərdəki müstəmləkə siyasətinin nəticəsi olaraq yaranan ciddi ekoloji fəlakətlər, mədəni irsin məhv edilməsi, yerli dillərin yoxa çıxması və təhsil hüquqlarının pozulması kimi məsələlər konfransın əsas müzakirə mövzuları olacaq.
Hesabat Fransız Polineziyasında nüvə sınaqlarını, Yeni Kaledoniyada nikel istismarını, Martinika və Qvadelupada pestisid qalmaqalı ilə bağlı ətraf mühit hüquqlarının pozulmasını, ekoterroru və Mayotun Fransa tərəfindən işğalının bir sıra nəticələrini əhatə edir. Eyni zamanda, sağlamlıq hüquqlarından məhrum edilmə, təhsil sahəsində ayrı-seçkilik, məlumat əldə etmək, seçki hüquqlarının pozulması, mədəniyyət və din azadlığı ilə bağlı pozuntular da müzakirə olunur. Üstəlik, Fransanın müstəmləkə altında saxladığı ərazilər haqqında BMT-yə məlumat göndərməsini dayandırması insan haqları pozuntuları ilə bağlı beynəlxalq müzakirələrin də dayanmasına səbəb olub.
Tədbirin əsas iştirakçıları şəxsən bu ərazilərdə baş verən insan haqları pozuntularının şahidi və qurbanlarıdır. Mətbuat konfransında bu şəxslər öz şəxsi hekayələrini və icmalarının qarşılaşdığı çətinlikləri paylaşacaq, Fransanın mədəni və siyasi hegemoniyasına qarşı mübarizələrindən danışacaqlar.
Hesabatda hekayələri işıqlandırılan şəxslər arasında Erik Simoni və “Nazione”, eyni zamanda, Martinika Ədalət Kollektivinin Prezidenti Herve Pintonun 20 ay həbs cəzasına məhkum edilməsi, Yeni Kaledoniya rəsmi şəxslərinin "Fransa bizi siyasi məhbus kimi saxlayır" deməsi, təcavüz iddialarının təsdiqi və digər məsələlər yer alır.
Tədbir BTQ tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil ediləcək.
ZÜMRÜD