Pərviz Şahbazov Çin şirkətlərinin rəhbərləri ilə görüşüb
“Kəmər və Yol” Enerji Nazirlərinin 3-cü iclasında iştirak etmək üçün Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və ölkə liderlərinin təşviq etdiyi siyasi müstəvidə yaşıl enerji əməkdaşlığının inkişafı diqqət mərkəzində olub.
“China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti Lin Siadon ilə görüşdə Azərbaycanın enerji sisteminə əlavə həcmlərdə bərpaolunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, bərpaolunan enerji avadanlıqlarının yerli istehsalının təşkili və yaşıl enerji dəhlizləri üzrə şirkətlə tərəfdaşlıq məsələləri müzakirə edilib. Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq Günəş elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanları dəyərləndirilib, İcra Müqaviləsinin tezliklə imzalanmasının vacibliyi qeyd edilib.
Həmçinin şirkətin bərpaolunan enerji sahəsində tədqiqat və inkişaf mərkəzinin yaradılması prosesinin tərkib hissəsi olması təklif edilib. “China Energy” şirkəti ilə günəş enerjisi, dənizdə külək enerjisi layihələrini irəli aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün işçi qrupunun yaradılması razılaşdırılıb, bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub.
Mətləb Salahov