COP29-da iştirak üçün 3000-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib
Bu günə qədər COP29-da iştirak etmək üçün təxminən 3000 media nümayəndəsi qeydiyyatdan keçib. Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.
"COP29 konfransı həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkir. Hazırda dünya mətbuatının 3 minə yaxın nümayəndəsi artıq qeydiyyatdan keçib. Onların arasında yerli media nümayəndələri də var. BMT-nin “mavi” zonasında işləmək üçün akkreditasiya oktyabrın 21-də başa çatır. Bundan əlavə, jurnalistlər üçün "yaşıl" zona üzrə akkreditasiya prosesi bu yaxınlarda başlayıb və oktyabr ayının sonunda başa çatacaq. Hazırda "yaşıl" zonada işləmək üçün 150-yə yaxın akkreditasiya müraciətimiz var", - o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.