"Sərhədin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağı müzakirə edilməyib" - Mqer Qriqoryan
Ermənistan və Azərbaycan hələ sərhədin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağını müzakirə etməyiblər.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.
“Növbəti ərazi ilə bağlı müzakirələr aparılmayıb. Hələ ərazilərin seçilməsi ilə bağlı prinsiplər müəyyən edilməyib. Yeganə prinsip ondan ibarətdir ki, məsələ konsensus əsasında həll edilməlidir”, - o vurğulayıb.
Qeyd edək ki, 2024-cü il aprelin 19-da imzalanmış Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının Protokoluna əsasən, Azərbaycan və Ermənistan Respublikalarının dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalar ortaq fəaliyyət Qaydalarının razılaşdırılmasını başa çatdırıblar. Komissiyaların birgə fəaliyyətinə dair Qaydalar 2024-cü il avqustun 30-da imzalanıb.
Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası daxili prosedurların icrasına başlayıb.