COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlandı
Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri ötüb. Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu il iyunun 24-də başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşayiət edilir.
COP tədbirlərinə xas olan əksər nümayəndə heyətlərinin tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.
Hazırda COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.
Qeyd edək ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma kimi, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün on minlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.
ZÜMRÜD