200-dən çox qəzalı bina sakinləri üçün qeyri-müəyyənlik hələ davam edir...
Kamran Məmmədli: “Qəzalı binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır”
Bakıda 200-dən çox qəzalı binanın təhlili aparılıb və praktiki işlərə başlanılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, Bakıda və digər şəhərlərdə xeyli qəzalı bina var.
Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə tərəfindən 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edilib. İndiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb.
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yeni tikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır: “Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində çoxlu sayda istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir. Daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki, mümkün deyil. Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir”.
Ekspertin sözlərinə görə, qəzalı binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır: “Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yeni tikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
Günel CƏLİLOVA