Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...
Ceyhun Məmmədov: “Azərbaycanın inkişafına bu birmənalı olaraq öz töhfəsini verdi”
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayında müvəqqəti atəşkəs haqqında müqavilə imzalandı. Bu müqavilə ölkəmizin iqtisadiyyatının, ayrı-ayrı sahələrinin dirçəlməsinə, inkişafına yol açdı, xüsusən də ordumuzun güclənməsində mühüm rol oynadı.
Əlbəttə, H.Əliyev müvəqqəti atəşkəz müqaviləsini imzalamağa nail olmaqla, bütövlükdə dövlətçiliyimizi ağır problemlərdən, çətinliklərdən xilas etdi. Çünki bu müqavilədən keçən dövr ərzində Azərbaycan bütün mənalarda gücləndi və öz torpaqlarını yağı düşməndən azad etməyə qadir oldu.
Heydər Əliyevin hakimiyyətə gələn kimi nail olduğu müvəqqəti atəşkəs Azərbaycan dövlətinə nə verdi?
“Bu qərarın nəticəsində biz bu gün möhtəşəm qələbəmizi təmin edə bildik”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın gələcək inkişafı ilə bağlı onun bir sıra önəmli addımları oldu: “Bir tərəfdən, Azərbaycan həmin dövrdə vətəndaş müharibəsi ərəfəsində idi, o biri tərəfdən, torpaqlarımız, ərazilərimiz işğal olunurdu, digər tərəfdən iqtisadi tənənzül yaşanırdı və Azərbaycanın gələcəyi ilə bağlı cəmiyyətdə çox ciddi narahatlıqlar vardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yeni bir mərhələ, yeni bir dönəm başladı və onun ilk önəmli addımlarından biri də Ermənistanla atəşkəsin əldə olunması oldu. Əslində, o dövrdə bu qərarı çoxları anlamırdı, amma zaman göstərdi ki, o vaxt müdrik və uzaqgörən bir addım ataraq o belə bir qərarı qəbul etdi. Bu qərarın nəticəsində biz bu gün möhtəşəm qələbəmizi təmin edə bildik”.
C.Məmmədov qeyd etdi ki, çünki həmin dövrdə Azərbaycanın müharibə aparmaq üçün güclü ordusu yox idi və ordu quruculuğuna başlanmalı idi.
Millət vəkili bildirdi ki, müvəqqəti atəşkəs qərarı ilə Azərbaycan yeni bir dövrə, mərhələyə daxil oldu. “O zaman həqiqətən də Azərbaycanın o imkanı yox idi ki, müharibəni davam etdirsin və torpaqları azad etsin. O dövrdə Azərbaycan Prezidenti uzaqgörən və müdrik bir addım ataraq birinci növbədə müvəqqəti bir zaman qazandı, işğalın qarşısını aldı. Artıq ermənilər Beyləqana doğru irəliləyirdilər, Yevlax işğal oluna bilərdi, digər ərazilərdə də bu proses gedə bilərdi. O bu addımı atmaqla bu proseslərin qarşısını çox ciddi bir formada ala bildi və Azərbaycanı bu bəlalardan, müsibətlərdən xilas etdi. Yəni bu olduqca önəmli bir məsələ idi, qərar idi. Bilirsiz ki, mərhələli şəkildə o prosesə doğru Azərbaycan irəliləyə bildi, möhkəmləndi, gücləndi, müqavilələr imzalandı. Müharibə şəraitində olan bir dövlətlə heç kəs bu müqavilələri imzalamaq istəməzdi. Amma Azərbaycan bu müqavilələrin bağlanmasına nail oldu.
Ona görə biz deyə bilərik ki, bu çox düşünülmüş, ölçülmüş-biçilmiş bir şəkildə atılmış addım oldu və Azərbaycanın da inkişafına bu birmənalı olaraq öz töhfəsini verdi” - deyə C.Məmmədov vurğuladı.
İradə SARIYEVA