Əsədin Suriyadan necə qaçdığı ortaya çıxdı - Qəddafinin taleyini yaşamaması üçün Bəşərin qarşısına bir şərt və bir plan qoyulub...
Suriyada müxalif silahlı qruplar noyabrın 27-də qəfil hücumla Hələbi ələ keçirdikdən 12 gün sonra ölkədə inqilab baş verdi. Müxaliflər Dəməşqə nəzarəti ələ keçirdi və Bəşər Əsəd ölkədən qaçmalı oldu.
Əsədin Suriyadan necə qaçdığı da ortaya çıxıb. “Bloomberg” müxaliflərin Dəməşqə doğru sürətlə irəlilədiyi bir vaxtda Bəşər Əsədin ölkədən qaçmasının Rusiya tərəfindən planlandığını yazır. İddia edilir ki, Rusiya hakimiyyəti 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin linç edilərək öldürülməsinə bənzər hadisənin təkrarlanmaması üçün Əsədin ölkədən getməsinə çox həssas yanaşıb. Rusiya Əsəd üçün hərəkətə keçib və onu artıq rejimin saxlanmasının mümkünsüzlüyünə inandırıb.
Bildirilir ki, Rusiya Əsədi uduzacağına inandırıb və ona ailəsi ilə birlikdə Dəməşqi dərhal tərk etmək şərti ilə təhlükəsiz çıxış planı təklif edib. Adlarının açıqlanmasını istəməyən 3 mənbə bu qərarın Qəddafi hadisəsinin təkrarlanmaması üçün verildiyini bildirib.
Qeyd edilir ki, Əsədin qaçmasını Rusiya kəşfiyyatçıları təşkil edib. İki fərqli mənbəyə görə, Əsədi daşıyan təyyarə Rusiyanın Suriyadakı hava bazasından havaya qalxıb. Təyyarə aşkarlanmamaq üçün transponderini söndürüb. Təyyarənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat məxfi aparılıb.
TAHİR