Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...
Elşad Musayev: “Hesab edirəm ki, bu, həyasızlığın son nöqtəsidir”
Ermənistanın beynəlxalq məhkəmələrdən Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olması tendensiyası yoxdur. Bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan deyib.
Kirakosyan Paşinyanın sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq öz iddialarından imtina edə biləcəyi ilə bağlı bəyanatlarını belə cavablandırıb: “İndi biz iddialarımız üzərində işləməyə davam edirik, müəyyən edilmiş prosedurlar həmişəki kimi davam edir. İddiaların geri götürülməsi məsələsi gündəmdə deyil, belə bir həll yoxdur”.
Bununla ermənilər əslində dünya ictimai rəyinə, diplomatik rəyə belə bir fikir atmaq istəyirlər ki, Azərbaycan da, Ermənistan da beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddialardan qarşılıqlı olaraq imtina etsinlər. Yəni ermənilər bu fikri dünyaya qəbul etdirmək istəyirlər ki, Azərbaycan da imtina etsin, Ermənistan da. Bu isə tamamilə absurd bir şeydir. Çünki Azərbaycanın iddiaları tam əsaslıdır. Ona görə ki, ortada Xocalı genosidi faktı var. Bununla bağlı iddianı necə geri götürə bilərik? Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyi halda biz bundan necə imtina edə bilərik? Başqa bir tərəfdən, işğal dövründə təbiətimizi məhv ediblər, milyardlarla zərər vurublar. Biz bütün bunlara görə kompensasiya iddiasından, Qərbi Azərbaycana qayıdış iddiasından necə geri çəkilə bilərik? Məhkəmələr vasitəsilə bütün bu iddiaların təmin olunmasına nail olmaq lazımdır. Ancaq Ermənistan bizə qarşı iddialardan imtina etməlidir. Çünki əsassızdır. Bir sözlə, Ermənistan bu cür söz oyunları ilə həm Azərbaycanın, həm Ermənistanın qarşılıqlı iddialardan sülh sazişi xatirinə geri çəkilməsi fikrini dünyaya qəbul etdirmək istəyir. Bu isə absurddur.
“Azərbaycan heç bir halda Ermənistana yönəlik məhkəmə iddialarından imtina etməməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev hesab edir ki, ermənilərin bu kimi məkrli oyunlarına qarşı hər zaman sərt olmalıyıq: “Çünki onların necə hiyləgər olmalarına hər an diqqət etməliyik. Ermənilərin Azərbaycanın öz iddialarını geri götürməsi ilə bağlı səsləndirdiyi fikirlər həyasızlığın son həddidir. Bu, həm də cəzasızlığın növbəti bir mərhələsidir. Ermənilər bununla elə bir fon yaratmaq istəyirlər ki, guya Azərbaycan da işğalla məşğul olub, genosid törədib. Özləri törətdiklərini başqalarının ayağına yazırlar. Bununla Ermənistanın çəkə biləcəyi cəzadan yaxasını qurtarmağa çalışırlar. Ona görə də hesab edirəm ki, bu, həyasızlığın son nöqtəsidir. Azərbaycan heç bir halda Ermənistana yönəlik məhkəmə iddialarından imtina etməməlidir. Ermənistan törətdiklərinə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir. Çünki ortada konkret faktlar var. Ermənistan Xocalıda soyqırım törədib. Azərbaycan ərazilərini 30 ilədək işğalda saxlayıb. Bizim maddi, mənəvi abidələrimizi darmadağın edib. Erməni vəhşiliyini deməklə bitməz. Hətta 44 günlük müharibədən sonra 3 rayonumuzu təhvil verəndə meşələri, kəndləri yandırıb getdilər. Qarabağda hər yeri minalayıblar. Bir belə vəhşiliyi ört-basdır etmək üçün indi növbəti hoqqabazlığa başlayıblar. Qərbi Azərbaycandan, yəni indiki Ermənistandan azərbaycanlılar 4 dəfə deportasiya edilib. O torpaqlar da tarixi Azərbaycan əraziləri olub. Bizim ərazilər hesabına qurama Ermənistan yaradılıb, soydaşlarımız da ərazilərindən qovulublar. Bunlar və Qarabağda törətdikləri vəhşiliklər yaddan çıxmayıb. Üstəlik, Azərbaycanın 4 kəndi hələ də işğal altındadır. Ona görə də Ermənistan məsuliyyətdən qaça bilməyəcək”.
Vidadi ORDAHALLI