Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..
Azər Həsrət: “Bəşər Əsəd dövlət rəhbəri kimi pis örnəklərdən biridir, öz xalqına zülm edib”
Kəşmir məsələsində (Pakistana qarşı) Dehlini dəstəkləyən Suriya Prezidenti Bəşər Əsədin devrilməsi İslam dünyasında Hindistana zərbə olacaq. Bu barədə Hindistanın “The Economic Times” qəzeti yazır.
Nəşrin fikrincə, Əsədin devrilməsi Pakistanla Kəşmir münaqişəsində Hindistanın mövqeyini sarsıdacaq: “Suriyada Əsəd rejiminin süqutu İslam dünyasında Hindistana zərbədir. Əsədin rəhbərliyi altında olan Suriya, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, Hindistanın Kəşmirlə bağlı mövqeyini ardıcıl dəstəkləyib. Əsəd dönəmində Suriya Pakistanla məhdud əlaqələri qoruyaraq, Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla, daha sıx siyasi əlaqələri inkişaf etdirib. İslamabad Kəşmir məsələsində Əsədin dövründə Suriyadan dəstək almayıb”.
Qeyd edək ki, Əsəd rejimi həmişə Azərbaycana düşmən olub. İslam Əməkdaşlıq təşkilatında Azərbaycanın xeyrinə qərarlar verilməsinə qarşı olub, Ermənistanı dəstəkləyib. Kəsmir məsələsində isə Hindistanı müdafiə edib və Azərbaycana qardaş ölkə olan Pakistana qarşı siyasət aparıb. Təbii ki, Əsədin bu siyasəti Yaxın və Orta Şərqdə həmişə gərginliklərin əsas mənbələrindən biri olub.
Görəsən, Əsədin Kəsmir məsələsində Hindistanı dəstəkləməsi təsadüf idimi?
“Ermənistanla yaxınlaşması, işbirliyi içində olması və ya Hindistanla münasibətdə olması suda boğulanın saman çöpündən yapışması deməkdir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bəşər Əsəd Türkiyə dövlətini sevmir. Bu münasibət Azərbaycana da təsir edir: “Əsəd Türkiyəyə qarşı Ermənistandan istifadə etmək istəyirdi. Ermənistan isə kiçik dövlət olduğu üçün təsir imkanı zəifdir. Bəşər Əsəd yetətincə tərbiyəsi, ağlı olmayan bir lider idi. Bu səbəbdən də onun siyasəti ölkəni hazırki vəziyyətə gətirib çıxardı. Həm Suriya dövləti darmadağın edildi, həm də milyonlarla insan zülm gördü, qaçqın düşdü. Bu, siyasi liderin, dövlət rəhbərinin bacarıqsızlığının nəticəsi idi. Belə bir şəraitdə onun Ermənistanla yaxınlaşması, işbirliyi içində olması və ya Hindistanla münasibətdə olması suda boğulanın saman çöpündən yapışması deməkdir. Dövlət rəhbəri vəzifəsinə istənilən şəxs gələ bilər, ancaq dövləti layiqli şəkildə idarə etmək hər adamın işi deyil. Bəşər Əsəd dövlət rəhbəri kimi pis örnəklərdən biridir. O öz xalqına zülm edib. Biz heç nə itirmədik, itirən onlardır”.
Günel CƏLİLOVA