İmişlidə 90 milyonluq ilk Azərbaycan-Özbək investisiya layihəsi...
Kamran Məmmədli: “Pambıqçılığın inkişafı üçün atılan hər bir addım təqdirəlayiqdir”
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri intensiv inkişaf edir. Bunu iqtisadi münasibətlərdə əsas istiqamətlərdən olan ticarət əməkdaşlığına aid rəqəmlər də təsdiqləyir. Belə ki, ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. Bu ilin ilk beş ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib.
Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Bildirək ki, Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində də qardaş ölkə ilə uğurlu işbirliyi davam etdirilir. Hər iki ölkənin aqraq sektor və yüngül sənaye müəssisələri ilə bağlı böyük potensialı var.
Məlumat üçün bildirək ki, Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Özbəkistan şirkəti “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi “TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.
Qeyd edək ki, müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.
Maraqlıdır, belə bir klasterin fəaliyyətə başlaması regionun dirçəlməsinə və yeni iş yerlərinin açılmasına nə qədər fayda verə bilər?
“Belə bir klasterin icrası ölkəmiz üçün faydalıdır, yerləşdiyi rayonda məşğulluğa dəstək verəcək”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması əhəmiyyətlidir: “Özbəkistanın pambıqçılığın inkişafı ilə bağlı ölkəmizlə əməkdaşlığı təqdirəlayiqdir. Daxildə də pambıq istehsalı və becərilməsi mümkündür. Özbəkistan hələ Sovet dövründən pambıq istehsalçısı kimi tanınır. Özbəkistanın pambıqçılıq təcrübəsindən yararlana bilərik. Məlumdur ki, Özbəkistan pambıqçılıq üzrə dünyada ən böyük ixracatçı ölkədir. Belə bir klasterin icrası ölkəmiz üçün faydalıdır, yerləşdiyi rayonda məşğulluğa dəstək verəcək".
Həmsöhbətimiz onu da əlavə etdi ki, pambıqçılığın inkişafı üçün atılan hər bir addım təqdirəlayiqdir. Pambıqçılıq sahəsini inkişaf etdirməklə toxuculuğu yüksəltmək olar: “Özbəkistanın pambıqçılığın inkişafı ilə bağlı ölkəmizlə əməkdaşlığı təqdirəlayiqdir. Daxildə də pambıq istehsalı və becərilməsi mümkündür. Məlumat üçün deyim ki, pambıq istehsalı üçün Azərbaycanın ən optimal rayonu Bərdədir. Digər bölgələrdə istehsal edilən pambığın keyfiyyəti aşağıdır”.
Günel CƏLİLOVA