Şuşa Beynəlxalq Forumunda ABŞ mediasına belə qiymət verildi...
Azər Həsrət: "Vaşinqton Post" və "Nyu-York Tayms” qəzetləri siyasi proseslərə görə konkret olaraq öz tərəflərini bəlli edib”
Məlum olduğu kimi, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu baş tutdu. Prezident İlham Əliyev Forumda iştirak edib. İ.Əliyev forumda bir sıra məsələlərə toxunub, o cümlədən qeyd edib ki, Donald Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb:
“Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”.
“İlham Əliyev hər addımda Azərbaycanı əzməyə çalışan insanlara xatırladır ki, dünya demokratiyasının beşiyi sayılan Amerikada belə bir vəziyyət varsa, siz öncə onların problemlərini həll edin”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, "Vaşinqton Post" və "Nyu-York Tayms" ABŞ-ın əsas qəzetləri olmaqla bərabər, qlobal səviyyədə tanınan, güvənilən, sözünə inanılan media qurumlarıdır. Bu qəzetlərin yazdığı ictimai rəyə, siyasi münasibətlərə və qlobal səviyyədə dünya düzəninə təsir edir: “Bu iki qəzet ABŞ prezidentliyinə namizəd olan Donald Trampa münasibətdə qeyri-obyektiv mövqe tutub. Adıçəkilən qəzetlər siyasi proseslərə görə konkret olaraq öz tərəflərini bəlli ediblər. Media olaraq neytrallığı itiriblər. Bu səbəbdən də Donald Trampın məlum qəzetlərlə bağlı narazılığı var. Bizim ölkədə insanlar düşünür ki, Amerika kimi ölkədə media tərəfsiz, qərəzsiz və siyasi proseslərdən kənardır. Hətta ABŞ prezidenti olmuş şəxs belə deyir ki, aparıcı "Vaşinqton Post"u və "Nyu-York Tayms"qəzetləri siyasi mübarizədə tərəf tutur. Prezident İlham Əliyev onu xatırladıb ki, media ölkənin taleyinin həll edildiyi məqamda tərəfsiz qala bilməz. Tək media qurumları deyil, əvvəlki adı Tvitter, indi isə X sosial şəbəkəsi adlanan platformada da Trampa qarşı qərəzli yanaşma nümayiş etdirilir. Günü bu gündən Trampın X sosial şəbəkəsindən istifadəsi qadağandır. Amerika demokratiyası budur. Bu səbəbdən də Prezident İlham Əliyev hər addımda Azərbaycanı əzməyə çalışan insanlara xatırladır ki, dünya demokratiyasının beşiyi sayılan Amerikada belə bir vəziyyət varsa, siz öncə onların problemlərini həll edin. Sonra Azərbaycan kimi dövlətləri ittiham edərsiz”.
Günel CƏLİLOVA