Uşaqların 5 günlük yay tətili 400-700 manat - maksimum 70 manat norma harda qaldı...
Kamran Əsədov: “Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir, ancaq…”
Artıq tədris ili sona çatıb. Təbii, hər bir valideyn istəyir ki, övladı yay tətilində vaxtını səmərəli keçirsin. Bunun üçün övladlarını yay düşərgələrinə yollamaq istəyənlər də az deyil. Lakin qiymətlər heç də hər kəsin büdcəsinə uyğun deyil.
Belə ki, yay düşərgələrinin qiyməti 700 manatdan başlayır. Bu qiymətə yalnız bir həftəlik yay istirahəti daxildir. Qeyd edək ki, vaxtilə məktəblilərin yay tətilini təşkil etmək üçün bütün sovet məkanında düşərgələr fəaliyyət göstərirdi. Belə məkanlarda uşaqların fəaliyyəti səmərəli şəkildə təşkil olunurdu.
Məlumat üçün bildirək ki, şirkətlər məktəblilərə həm ölkə daxilində, həm də ölkə xaricində düşərgələr təklif edirlər. Düşərgələrin çoxu Bakıətrafı ərazilərdə – Zuğulba, Mərdəkan, Nardaran, Şüvəlan və Bilgəhdə yerləşir. Uşaqlarını bölgələrdə təklif olunan düşərgələrə göndərmək istəyən valideynlər Quba, Qusar, Lənkəran, İsmayıllı, Qəbələ rayonları arasında seçim edə bilərlər. Təbii ki, düşərgələrin qiyməti yerləşdiyi məkana və göstərilən xidmətə görə dəyişir.
Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Məsələn, adambaşına düşərgə qiyməti 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Ancaq reallıqda isə qiymətlər tam fərqlidir.
“Düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi. Hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə, uşaqları toplayıb gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində dörd uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə üç ay ərzində uşaqların ümumi qəbuletmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilərlər. Nabranda, Şüvəlanda “Olimp”, “Şahin”, “Aypara” uşaq düşərgələri ilə yanaşı, Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittifaqına pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidirlər. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Məsələn, adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına düşərgə qiyməti 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Bütün bunların hamısı Elm və Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır”.
Günel CƏLİLOVA