"Bəzi ölkələrin rəhbərlərinin islamofob olmaları daha ciddi problemlər yaradır" - ABŞ Müsəlman Təşkilatları Şurası
Müsəlman amerikalılara qarşı ayrı-seçkiliyin yaşadığımız hazırda da davam etməsi təəssüf doğurur. 2001-ci ilin sentyabrın 11-də ABŞ-da qüllələrin partladılması müsəlman amerikalılara yanaşma tərzini dəyişdi, milyonlarla günahsız müsəlman kütləvi hücumlara məruz qaldı.
Bu sözləri ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Oussama Ali Cammal martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyasında deyib.
Müsəlmanlara qarşı ayrı-seçkiliyin geniş vüsət aldığını qeyd edən Oussama Ali Cammal bildirib ki, müsəlmanlar hava limanlarında ən azı beş dəfə yoxlanırlar: “Beynəlxalq ictimaiyyətdə onları terrorçu kimi qələmə verirlər. Bəzi ölkələrin rəhbərlərinin islamofob olmaları isə daha ciddi problemlər yaradır. İslam bərabərlik, hörmət, sevgi dinidir. Bizim dinimizdə heç bir ayrı-seçkiliyə yer yoxdur”.
İslamofobiyaya qarşı mübarizədə təhsilin və maarifləndirmənin çox önəmli olduğunu vurğulayan baş katib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edərək deyib: “Belə forumların keçirilməsinə dəstək göstərmək böyük işdir. Düşünürəm ki, Azərbaycan və ABŞ müsəlmanları arasında dostluq münasibətləri daha da inkişaf edəcək”.
ZÜMRÜD