"Müasir dövrdə bu dərəcədə nifrət və zorakılıq halları ciddi narahatlıq doğurur" - Ebrahim Rasul
Son yüz ildə dünyada müharibələr, irqçilik, islamofobiya kimi mənfi təzahürlərin şahidi oluruq. Müasir dövrdə bu dərəcədə nifrət, gender əsaslı zorakılıqlar ciddi narahatlıq doğurur. Biz bu cür çətinliklərlə hər gün üzləşirik.
Bu sözləri Cənubi Afrika Respublikasının ABŞ-dakı sabiq səfiri, Hamı üçün Dünya Fondunun təsisçisi Ebrahim Rasul martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda plenar iclasda deyib.
Qonaq bildirib ki, son yüz ildə Qərbdə islamofobiya genişlənib, inkişaf edib. Bizim multikultural dünya üçün mübarizəmiz, eyni zamanda, irqçiliyə, ayrı-seçkiliyə qarşı mübarizə deməkdir. Bütün bu məsələlər qorxudan, qərəzdən qaynaqlanır. Biz əsas səbəblərlə mübarizə aparıb, onu həll etməliyik. Mübarizəmiz kompleks şəkildə olmalıdır.
ZÜMRÜD