Bakıətrafı bu kəndlərdə evlərin dəyər-dəyməzə satılmasının ayrı səbəbləri var - 12 minlik ev...
Elnur Azadov “Həmin əmlakların 99 faizinin uyğun sənədləri yoxdur”
Bakıda 500 mindən çox sənədsiz evin olduğu deyilir. Sənədi olmayan mənzillərə çıxarış verilməsi problemi illərdir həllini tapmır. Evinə müxtəlif səbəblərdən çıxarış ala bilməyən vətəndaşların həmin mənzilləri daha ucuz qiymətə satışa çıxardıqları haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə və əmlak alqı-satqı platformalarında Bakının və Abşeronun kənar ərazilərində tikilən bu tip evlərin ucuzlaşdığı bildirilir. Məlumata görə, Xocasən, Masazır, Buzovna, Saray, Maştağa, Xırdalan, Biləcəri, Müşfiqabad kimi qəsəbələrdə evlər kütləvi şəkildə satışa çıxarılıb. Satışa çıxarılan həmin həyət evlərinin qiyməti isə əsasən 45-46 min manat təşkil edir. Hətta 12-15 min manat ilkin ödəniş etməklə, digər hissəsi aylara bölünərək satılan evlər də var.
Maraqlıdır, niyə həmin evlər kütləvi satışa çıxarılır və onları almaq nə dərəcədə doğrudur?
“Vətəndaşlar düşündülər ki, "mən bu torpağı almışamsa, onun içində əmlak tikə bilərəm” ancaq həmin əmlak qanuniləşdirilmir”
Əmlak üzrə ekspert Elnur Azadov baki-xeber.com-a şərhində bildirdi ki, qanunvericiliyin tələbinə əsasən, yalnız çıxarışla təmin olunmuş daşınmaz əmlakın alqı-satqısına icazə verilir: "Danılmaz faktdır ki, həmin əmlakların 99 faizinin buna uyğun sənədləri olmur. Yəni onlar çıxarışla təmin olunmurlar. Bir çox hallarda bələdiyyə sənədləri olur. Onun isə alqı-satqısının həyata keçirilməsinə qanun yol vermir. Bir zamanlar Bakıətrafı ərazidən vətəndaş gəlib torpaq alıb, bələdiyyə torpağıdır, şəhərin kənarında bir ərazidir. Məhz 2000-ci illərin əvvəllərində bu kimi torpaqların kütləvi satışına başlanıldı. Bələdiyyələr bu torpaqları ucuz satdılar. Hətta böyük massivlər saldılar. Hazırda onların sayı 100 minlərlədir. Vətəndaşlar düşündülər ki, "mən bu torpağı almışamsa, onun içində əmlak tikə bilərəm. Ancaq həmin əmlak qanuniləşdirilmir. Nəticədə həmin evlər kommunikasiya ilə tam təmin oluna bilmir. Qış vaxtı qaz olmur, elektrik problemi olur, sonra yerdən qurunt suları çıxır. Hazırda belə ərazilər çoxdur. Bu tip vəziyyətdən vətəndaşlar əziyyət çəkir”.
Günel CƏLİLOVA