"Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq" - Fuat Oktay
Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik.
Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında deyib.
O qeyd edib ki, bununla bərabər Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması bizim üçün vacib və əhəmiyyətlidir.
"Bu xəttin açılnması ilə Türkiyə tarixi Türk coğrafiyasına bağlayacaq. Bu da Türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda, Ermənistan üçün də son dərəcə vacibdir. Bununla da bölgədə sülhün əldə olunması təmin oluna bilər”,- deyə o əlavə edib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.