Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi qarət olundu...
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi 38 ünvanında yerləşən evi qarət olunub. "Bakupost"un məlumatına görə, mərhum prezidentin yaxınları bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatlı rayon sakinidir.
Əbülfəz Elçibəyin qohumu Çingiz Özgür Qaynarinfo-ya açıqlamasında deyib ki, Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi 38 ünvanında yerləşən evi iki ay bundan əvvəl qarət olunub.
Onun sözlərinə görə, artıq istintaq işi yekunlaşıb və məhkəməyə göndərilib: "İşi Binəqədi Rayon Polis İdarəsi araşdırıb. Oğurluq hadisəsi olan kimi ciddi reaksiya göstərildi və oğru həmin günü həbs olundu. Təkcə kombi aparatı aparılmayıb. Bizi daha çox mənəvi məsələ narahat edir. Bəyin və ailə üzvlərinə aid əşyalar var, onlara toxunulub. Bəyin maşınına zərər vurulub. Nəyinsə sındırıb, akumlyatorunu çıxarmağa çalışıb, əlinə nə keçibsə, aparmağa çalışıb".
Çingiz Özgür Əbülfəz Elçibəyin evində hazırda yaşayış olmadığını bildirib.
Xatırladaq ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra ev Heydər Əliyev Fondu tərəfindən ev təmir olunmuşdu.
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.