Polad Bülbüloğluna "Aleksandr Nevski", erməni səfirə "Dostluq" ordeni...
Qabil Hüseynli: "Onun səfir olduğu dövrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək həddə çatdı"
Rusiya Prezidenti Vladimir Putin Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib. Bu barədə fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.
Azərbaycanın keçmiş səfiri Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Məlumat üçün qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin eyni vaxtda Ermənistanın Rusiya Federasiyasındakı keçmiş səfiri Vaqarşak Arutyunyanı “Dostluq” ordeni ilə təltif edib. Bu barədə rəsmi informasiya portalında dərc olunan müvafiq sərəncamda deyilir
“Aleksandr Nevski” ordəninin tarixinə nəzər salsaq görürük ki, bu ordenin üç əsrlik tarixi var. Belə ki, Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. Orden həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün nəzərdə tutulub. 1917-ci ildə çar ordeni başqa ordenlərlə birlikdə ləvğ edildi.
“Aleksandr Nevski” ordeni yenidən - 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir.
Sovet İttifaqı dağıldıqdan sonra orden 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib.
"Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin gostərişi ilə “Aleksandr Nevski” ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. “Aleksandr Nevski” ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir.
“Aleksandr Nevski” ordeninin statutunun 3-cü bədində yazılıb: "Aleksandr Nevski ordeni görkəmli xarici siyasi və ictimai xadimlər, xarici ölkələrin işgüzar dairələrinin nümayəndələri Rusiya Federasiyası ilə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və onun sosial-iqtisadi inkişafına göstərdiyi xidmətlərinə görə verilə bilər".
İndiyədək bu ordenlə Patriarx Kirill, ehtiyatda olan qvardya polkovniki Aleksey Sokolov, Sovet İttifaqının Marşalı Sergey Sokolov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və yüzlərlə digər Rusiya vətəndaşları, əcnəbi biznes adamları təltif edilib.
Cəmiyyət üçün maraqlıdır, görəsən nə üçün Polad Bülbüloğlu bu ali mükafata layiq görülub, nəyə görə Ermənistanın keçmiş səfiri “Dostluq”, Azərbaycanın keçmiş səfiri “Aleksandr Nevski” ordeninin kavalyeri oldu?
Bizimlə bu barədə söhbəti zamanı politoloq Qabil Hüseynli bildirdi ki, Polad Bülbüloğlu iki il əvvəl Rusiya Federasiyasının dostluq ordeninə layiq görülub, bu fərq yalnız onunla bağlıdır: "Bir şəxsi eyni ordenlə iki dəfə təltif etmək düzgün olmazdı. Ona görə də bizim kecmis səfir “Aleksandr Nevski” ordeninin kavalyeri oldu.
O ki qaldı Polad Bülbüloğlunun mükafatlandırılmasının səbəbinə, bu da aydındir. Onun səfir olduğu dövrdə Rusiya ilə Azərbaycan arasinda münasibətlər ən yüksək həddə qaldırıldı. Məsələn, təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ilin fevral ayinda bu iki ölkə arasında müttəfiqlik sazişi imzalandı. Ona gorə də Rusiya iki dəfə ən ali ordenləri ilə Polad Bülbüloğlunu mükafatlandırdı.
Ermənistan səfirinin isə mükafatlandırılmasını Rusiyanın Ermənistanın "başına sığal çəkməsi" kimi qiymətləndirmək olar. Bu iki ölkə arasında münasibətlər hazırda çox gərgindir. Rusiya isə məlum səbəbdən aciz durumdadır, kəskin müdaxilə imkanları məhduddur. Ona görə də Rusiya hər vəchlə munasibətlərdə olan gərginliyi azaltmağa çalışır. Bu səbəbdən də rəsmi Moskva Ermənistana qarşi bu cur müxtəlif xoşməramlı jestlər edir".
Akif NƏSİRLİ