"Fransada müstəmləkəçiliyə qarşı mübarizəni təhdid olaraq görürlər" - Kemi Seba
Fransa hökuməti başa düşdü ki, biz artıq onlar üçün ciddi bir problemə çevrilmişik. Son illərdə neomüstəmləkəçiliklə bağlı mübarizə daha geniş vüsət almışdı. İlk növbədə, müxtəlif Afrika ölkələrində prezidentlər vasitəsilə mənə qarşı hücumlar həyata keçirirdilər. Bəzi bölgələrə girişim qadağan edilmişdi, arbitraj yolu ilə saxlanmalar baş verirdi, nümayişlərimizə qadağalar qoyulurdu. Əlbəttə ki, bizim hərəkətlərimizi müxtəlif yerlərdə Fransanın kəşfiyyat xidməti izləyirdi. Onlar gördükdə ki, bizi saxlamaq və manipulyasiya etmək mümkün deyil, repressiyaları gücləndirmək qərarına gəldilər.
Bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçiriləcək Afrikada Fransanın Neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransla bağlı təşkil olunan brifinqdə tanınmış aktivist Kemi Seba bildirib.
O qeyd edib: “Fransada əvvəllər nadir hallarda tətbiq edilən qanunları ortaya çıxarıb vətəndaşlığımı əlimdən aldılar. Fransanın məqsədi neomüstəmləkəçilikdir, çünki onlar müstəmləkəçiliyə qarşı mübarizəni təhdid olaraq görürlər. Buna baxmayaraq, “Sarı jiletlilər” hərəkatının üzvləri arasında bizim mübarizəmizi dəstəkləyənlər də var. Fransa hökuməti vətəndaşlığımızı əlimizdən almaqla mübarizəmizi zəiflətməyə çalışırdı. Lakin anlamadı ki, biz artıq bir sistem qurmuşuq və səsimizi bütün dünyaya çatdırırıq. Azərbaycandan əvvəl daha beş ölkədə fəaliyyət göstərmişik və əlbəttə, dünyanın dörd bir yanında bu mübarizəni davam etdirəcəyik ki, xalqlarımıza dəstək olaq və Fransanın təzyiqlərinə qarşı duraq”.
ZÜMRÜD