Naxçıvan şəhərində yeni smart-kart tipli qaz sayğacları quraşdırılıb
Naxçıvan şəhərində yeni smart-kart tipli qaz sayğaclarının quraşdırılaraq sakinlərin istifadəsinə verilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Muxtar respublikanın Qaz İstismar Xidmətinin mətbuat xidmətinin mətbuat üçün məlumatında deyilir ki, ötən ay şəhərdə əhali abonentlərinin qazlaşdırılması ilə əlaqədar 15 smart-kart tipli sayğac quraşdırılıb. Həmçinin Naxçıvan şəhərində əhali abonentləri tərəfindən istifadə olunan elektron, öncədən ödəməli smartkart tipli qaz sayğaclarından zədələnən, istismara yararsız vəziyyətə salınan və itirildiyinə görə 21 abonentə yeni qaz kartı verilib.
Bundan başqa, cari ilin iyul ayında muxtar respublikanın şəhər və rayonlarında yeni qaz boru xətlərinin çəkilməsi, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı xətlərin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar uzunluğu 1268,5 paqonametr olan müxtəlif diametrli borulardan istifadə edilib.
Mətləb Salahov