İsraildən İrana cavab zərbəsi ilə bağlı açıqlama - hücum qərarı hər an verilə bilər...
İsrail hökuməti İrana cavab zərbəsi ilə bağlı yaxın günlərdə qərar verəcək. Trend xəbər verir ki, bu barədə "ABC NewsABC News" telekanalı İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Piter Lernerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail rəhbərliyi növbəti addımlarla bağlı aprelin 15-i, yaxud yaxın günlərdə qərar verəcək.
Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, İranın hücumuna cavabın geniş spektrə malik variantları artıq hərbçilər tərəfindən İsrail hökumətinə təqdim olunub.
Xatırladaq ki, aprelin 1-də İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.
İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.