Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...
Britaniyanın “Financial Times” qəzeti Rusiya ilə bağlı şok faktları ortaya qoyan hərbi sənədlər dərc edib. Gizli hərbi sənədlər Rusiya lideri Putinin Yaponiya və Cənubi Koreyaya qarşı mümkün müharibəyə hazırlaşdığını üzə çıxarır. Bu sənədlərə görə, Moskva 2013-2014-cü illərdə Yaponiya və Cənubi Koreyaya qarşı mümkün müharibəyə hazırlaşırmış.
Sənədlərdə iki ölkəyə qarşı mümkün müharibədə nüvə obyektləri də daxil olmaqla 160 hədəfin siyahısı yer alıb. Bu hədəflərə həm hərbi, həm də mülki obyektlər, o cümlədən atom elektrik stansiyaları və digər mühüm infrastruktur daxildir.
Sənədlərin hələ də Rusiyanın strategiyası ilə bağlı olduğu düşünülür. Sızdırılan sənədlərdə sadalanan hədəflər arasında hərbi komandanlıq mərkəzləri, radar qurğuları, hava və dəniz qüvvələri bazaları var. Tunellər, körpülər və aralarında nüvə obyektlərinin də olduğu elektrik stansiyaları kimi mülki infrastruktur da hədəflər arasındadır.
Ekspertlər bu planları müharibə vəziyyətində düşmən qoşunlarının səfərbərliyini və yenidən qruplaşmasını çətinləşdirmək cəhdi kimi şərh edirlər. Cənubi Koreyanın polad fabrikləri və kimya zavodları kimi mühüm sənaye obyektləri də Rusiya raketlərinin hədəfində yer alır.
Bu sənədlər göstərir ki, Rusiya hərbi planlayıcıları NATO ilə münaqişə yaranacağı təqdirdə ABŞ və onun regional müttəfiqlərinin hücumları ilə təhlükə altına düşə biləcəyindən ehtiyat edirlər. Digər tərəfdən planlar həm də Rusiyanın öz hərbi imkanlarına həddən artıq güvəndiyini də göstərir. Məsələn, sənədlərdə Kh-101 qanadlı raketindən istifadə etməklə Yaponiyanın bir radiolokasiya stansiyasına hücum nəzərdə tutulur. Lakin ekspertlər bu raketlərin sənədlərdə göstərildiyi qədər güclü olduğuna şübhə edirlər. Sistemin zəif tərəfləri Ukraynadakı müharibə zamanı üzə çıxdı: raketlər radar sistemləri tərəfindən asanlıqla aşkar edilir və çox vaxt hədəflərini kifayət qədər dəqiq vura bilmirlər.
Digər tərəfdən, sənədlər Rusiyanın öz hədəf siyahılarını necə dəqiqliklə planlaşdırdığını da ortaya qoyur. Məsələn, sənədlərdə Cənubi Koreyanın komanda və nəzarət bunkerlərinin müdafiəsini dağımaq üçün lazım olan partlayıcı gücün dəqiq təxminləri göstərilir. Obyektlərin böyüklüyü və mümkün imkanları kimi təfərrüatlar da siyahılarda qeyd olunur.
Sənədlər həmçinin göstərir ki, Rusiya dəfələrlə qonşularının hava hücumundan müdafiə sistemlərini test edib. Məsələn, 2014-cü il fevralın 24-də Rusiyanın iki döyüş təyyarəsi Uzaq Şərqdəki bazadan havaya qalxaraq Cənubi Koreya və Yaponiyanın reaksiyalarını müşahidə etmək üçün bu ölkələrin ətrafında 17 saatlıq uçuşlar həyata keçirib.
TAHİR