Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...
Qulamhüseyn Əlibəyli: “Ermənistan tərəfi çalışır ki, bu məsələ bir qədər yubansın”
Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub:
“Sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyaların əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanın Ermənistanla sərhədinin uzunluğu 1066 kilometrdir. Bunun da cəmi 13 kilometri delimitasiya olunub. Ümumi bəzi razılaşmalardan çıxış edərək gələn il delimitasiya olunan sərhədlərin uzunluğu artacaqmı? Yoxsa yalnız sülh sazişi imzalanacağı halda bu proses gedəcək?
“Lakin hər halda, növbəti ildə müəyyən irəliləyişlərin olacağı gözlənilən haldır”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi sülh sazişi olmadan da gedə bilər: “Azərbaycan tərəfi bunun sülh müqaviləsi layihəsinə daxil edilməsi tələbini irəli sürmür. Çünki bu proses uzun müddət davam edəcək. Bu, birinci növbədə onunla əlaqədardır ki, demarkasiya çətin və vaxt aparan bir prosesdir. Çünki müxtəlif xəritələr var, bəzilərində bir sıra pozuntular var və s. Elə dövrlər olub ki, ermənilər qanunsuz olaraq sərhədi irəli çəkərək Azərbaycan ərazilərinə daxil olublar. Ona görə də proses hələ bir neçə il çəkəcək. Ancaq prosesin də gecikməsinin səbəblərindən biri Ermənistan tərəfinin, hələ ki, buna tam şəkildə hazır olmaması ilə bağlıdır. Burda Ermənistandakı daxili siyasi vəziyyət də müəyyən rol oynayır. Çünki Ermənistan cəmiyyəti Azərbaycan ərazilərini öz torpaqları hesab edir. O cümlədən, həmin ərazilərin Azərbaycana qaytarılmasını “işğal” kimi qiymətləndirirlər. Çünki nəinki revanşistlərdə, erməni cəmiyyətində bir xəstə təfəkkür var. Ona görə də Ermənistan tərəfi çalışır ki, bu məsələ bir qədər yubansın. Bununla həm ictimai rəyi hazırlamaq istəyirlər, həm də Ermənistan hakimiyyəti buna hazır deyil. Bir məqamı da nəzərə almalıyıq ki, Rusiya və Gürcüstanla sərhədlərimiz tam delimitasiya olmayıb. O cümlədən, Ermənistanın Gürcüstanla sərhədləri tam delimitasiya olunmayıb. O üzdən, delimitasiyanın uzun vaxt aparacağına təbii yanaşmaq lazımdır. Bu, yalnız bizimlə bağlı olan məsələ deyil. Lakin hər halda növbəti ildə müəyyən irəliləyişlərin olacağı gözlənilən haldır. Söhbət ondan gedir ki, sülh sazişindən asılı olmayaraq mübahisəsi az olan ərazilərimiz var. Həmin ərazilərdə demarkasiya və delimitasiya prosesini başa çatdırmaq olar. Bir sözlə, proses gedəcək, amma zəif gedəcək. Ancaq dövlət sərhədlərinin müəyyən hissəsi tamamilə dəqiqləşəcək”.
Vidadi ORDAHALLI