Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...
ABŞ prezidenti Bayden və ailəsinin xarici liderlərdən aldığı hədiyyələr ifşa edilib. Məlum olub ki, Bayden və ailəsi 2023-cü ildə xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyələr alıb. Bunlar arasında Hindistanın baş naziri Narendra Modinin birinci xanım Cill Baydenə hədiyyə etdiyi 20 min dollar dəyərində 7,5 karatlıq brilyant rekorda sahibdir.
Cill Bayden həmçinin Ukraynanın Vaşinqtondakı səfirindən 14 min 63 dollar dəyərində broş və Misir prezidenti Əbdülfəttah əs-Sisi və birinci xanımından ümumi dəyəri 4 min 510 dollar olan qolbaq, broş və foto albom alıb.
Bayden Cənubi Koreyanın 6 saatlıq hərbi vəziyyət elanına görə vəzifəsindən uzaqlaşdırılan prezidenti Yun Suk Yeoldan 7 min 100 dollar dəyərində xatirə foto albomu, Monqolustanın baş naziri Luvsannamsrain Oyun-Erdenedən 3 min 495 dollar dəyərində Monqol döyüşçülərinin heykəli, Bruney Sultanından 3300 dollar dəyərində gümüş kasa, İsrail prezidenti İsaak Hersoqdan 3160 dollar dəyərində gümüş nimçə, Ukrayna prezidenti Zelenskidən isə 2400 dollarlıq kollaj alıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, 20 min dollarlıq brilyant Ağ Evin Şərq Qanadında rəsmi istifadə üçün saxlanılıb, prezident və birinci xanıma verilən digər hədiyyələr isə arxivə göndərilib.
ABŞ-da federal qanunlar yüksək rütbəli dövlət məmurlarının xarici liderlərdən aldıqları və dəyəri 480 dollardan yuxarı hədiyyələri bəyan etmələrini tələb edir. Liderlərə verilən bahalı hədiyyələr çox vaxt Milli Arxivə göndərilir və ya rəsmi sərgilərdə nümayiş etdirilir.
TAHİR