Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı verdiyi siqnallar Moskvanın diqqətini çəkməyib.
“Bunlar nəyəsə dair qeyri-müəyyən və aydın olmayan siqnallardır. Biz tez-tez “münaqişənin dondurulması” ifadəsini eşidirik. Prezident Putin sonuncu dəfə dekabrın 19-da hansı şərtlər altında danışıqlara hazır olduğumuzu açıq şəkildə bəyan etdi. Lakin hələ ki, Amerikanın yeni administrasiyasının siqnallarında bizi maraqlandıracaq heç nə yoxdur” - deyə Nebenzya “Rossiya 24” telekanalına açıqlamasında bildirib.
Nebenzya Kiyevdən gələn “razılıq siqnallarını” ciddi qəbul etməyin mümkün olmadığını da bildirib: “Zelenski masa arxasında oturmağa razı olanda bunun hansı cəbhə xəttində baş verəcəyi böyük sual işarəsidir. Zaman keçdikcə onlar üçün şərtlər daha da pisləşir".
TAHİR