Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...
Moskva Ukrayna ərazisindən Rusiya qazının kəsilməsinə görə ABŞ və müttəfiqlərini günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Qazprom"un müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Ukrayna hakimiyyətinin yanvarın 1-də Rusiyadan Avropa ölkələrinə təbii qaz nəqlini dayandırmaq qərarına gəldiyini deyib.
Zaxarova, Rusiyanın enerji daşıyıcılarının kəsilməsinin həm Avropanın iqtisadi potensialını zəiflədəcəyini, həm də avropalıların yaşayışına mənfi təsir edəcəyini bildirib.
ABŞ-ın enerji bazarının yenidən bölüşdürülməsindən faydalandığını bildirən Zaxarova bildirib ki, bu strategiyaların ilk qurbanı Avropanın ən böyük iqtisadiyyatı Almaniya oldu: “Almaniya “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərinin partlamasından sonra qazı əhəmiyyətli dərəcədə baha qiymətlərlə almaq məcburiyyətində qaldı, ən böyük və əfsanəvi alman sənayesinin bir qismini bağlamağa başladı".
Zaxarova keçmişdə iqtisadi cəhətdən uğurlu və müstəqil olan digər Avropa İttifaqı ölkələrinin də Amerika himayəsinin bədəlini ödəmək nəcburiyyətində qalacağını bildirib: “Rusiyanın təbii qaz nəqlinin dayandırılmasının məsuliyyəti tamamilə ABŞ-ın, Kiyev rejiminin və Amerika iqtisadiyyatına maddi dəstək naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin üzərinə düşür".
TAHİR