Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...
Afrikadakı bazalarını bir-bir itirən Fransa Yeni ildə də bir-birinin ardınca sürpriz xəbərlərlə sarsılıb. Belə ki, Seneqal prezidenti Faye Yeni il münasibətilə xalq müraciətində Fransa hərbi bazasının ölkədən çıxarılacağını açıqlayıb. Seneqalın müstəqil ölkə olduğuna diqqət çəkən Faye bildirib ki,, müstəqil bir ölkədə heç bir xarici əsgər olmamalıdır.
"Mən Silahlı Qüvvələr nazirinə 2025-ci ilə qədər ölkədə bütün xarici hərbi mövcudluğun dayandırılmasına imkan verəcək yeni doktrina hazırlamağı tapşırmışam", - Faye bildirib.
Faye daha əvvəl ölkədəki Fransa hərbi bazasının bağlanmalı olduğunu desə də, tarix açıqlamamışdı.
Seneqalda qoşunları olan yeganə xarici ölkə Fransanın burada bir bazası və təxminən 350 əsgəri var.
Kot-d'İvuar Prezidenti Uattara da Yeni ildə ölkədəki fransız əsgərləri ilə bağlı açıqlamalar verib. Abidjandakı Fransa bazasının bu ay Kot-d'İvuara təhvil veriləcəyini bildirən Uattara, sözügedən bazaya ölkənin ilk Baş Qərargah rəisi general Tomas d'Aquin Uattaranın adının veriləcəyini qeyd edib.
Fransanın Qərbi Afrikadakı mühüm müttəfiqi sayılan Kot-d'İvuarda təxminən 600 əsgəri var.
Müstəmləkəçiliyin sona çatmasından bəri qoşunlarının olduğu Afrika ölkələrinin 70 faizdən çoxundan qovulan Fransa, qitədə yalnız iki ölkədə məhdud sayda əsgər saxlayır - Cibutidə 1500, Qabonda isə 350 əsgər...
Çad prezidenti Məhəmməd İdris Debi İtno ölkəsindəki fransız əsgərlərindən danışıb. Fransız əsgərlərinin 31 yanvar 2025-ci il tarixinə qədər ölkədən tamamilə geri çəkiləcəyini açıqlayan İtno, "Dost ölkələrlə əlaqələrimizi davam etdirəcəyik. Ölkəmizin suverenliyinə sadiq qalaraq Çadın üstün mənfəətlərini ön planda tutacağıq" deyib.
Çad hökuməti noyabrın 28-də Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişinin sona çatdığını elan edib.
Fransız əsgərlərinin bir hissəsi dekabrın 10-da Çaddan çıxarılıb.
Parisin Qərbi və Mərkəzi Afrikada təsirinin azalması ilə bağlı ilk siqnal 2013-cü ildən terrorizmlə mübarizə bəhanəsi ilə ölkədə olan 5 minə yaxın fransız hərbçisinin çıxarılması ilə bağlı Mali hakimiyyətinin tələbi olub. Ardınca Niger və Burkina Fasoda baş verən hərbi çevrilişlərdən sonra yeni administrasiyalar Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edərək, fransız əsgərlərini ölkələrindən çıxarıblar.
TAHİR