Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi
Cənubi Koreya prezidenti Yun Suk Yeolun səlahiyyətlərinin dayandırılması ilə nəticələnən hərbi vəziyyət böhranının ardından, polis və xüsusi təyinatlıların Yunu həbs etmək cəhdi uğursuzluqla nəticələnib.
Yeolu həbs etmək üçün Seuldakı prezident iqamətgahına gedən minlərlə polis və xüsusi təyinatlıların qarşısı Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən alınıb.
Yunun tərəfdarları da prezident iqamətgahı yaxınlığında toplaşaraq polisin onu həbs etməsinə mane olub. Məhkəmənin çıxardığı həbs qərarının “qanunsuz” olduğunu iddia edən aksiya iştirakçıları onun həbsinə qərar verən hüquq-mühafizə orqanları rəhbərlərinin həbsini tələb ediblər.
Yerli KİV yazır ki, polis prezidentin iqamətgahı yaxınlığında 45 xüsusi təyinatlı və 2700 şəxsi heyət yerləşdirib.
Cənubi Koreyada məhkəmə ilk dəfədir ki, fəaliyyətdə olan prezidentin həbsinə order verir. Həbs qərar üç dəfə dindirilməyə çağırılan prezidentin ifadə verməkdən imtina etməsindən sonra verilib. Korrupsiyaya qarşı mübarizə xidməti gələcək addımları nəzərdən keçirdiklərini deyir, lakin söhbətin hansı tədbirlərdən getdiyi açıqlanmır. Onun həbs qərarı yanvarın 6-da başa çatır.
Dekabrın 14-də Cənubi Koreya parlamenti Yun Suk Yeolu vəzifəsindən uzaqlaşdırıb. O, qanunsuz hərbi vəziyyət elan etməkdə, konstitusiya quruluşuna qarşı üsyanda və dövlətə xəyanətdə ittiham olunur. Yun Suk Yeol isə bu ittihamları rədd edir.
TAHİR