Rusiya alman zabitlərin səs yazısını necə ələ keçirib? - Almaniyalı nazir açıqladı...
Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Hava Qüvvələri zabitləri arasında Ukraynaya dəstək barədə görüşün səs yazısının Rusiya tərəfindən yayımlanmasından sonra açıqlama verib.
Alman kommunikasiya sistemlərində problem olmadığını bildirən Pistorius, WebEx platformasından müəyyən məxfilik səviyyəsinə qədər görüşlər üçün istifadə etdiklərini ifadə edib.
Pistorius bildirib ki, bu WebEx platforması şəxsi istifadə üçün təsdiqlənmiş versiyadır, ictimaiyyət üçün əlçatan deyil. Nazir qeyd edib ki, bu məqsədlə ölkədən kənar serverlərdən istifadə edilməyib.
Pistorius Hərbi Hava Qüvvələri zabitləri arasında telekonfransın səs yazısının yayılmasının səbəbinin "fərdi istifadəçi səhvi" ilə bağlı olduğunu deyib: "Bütün iştirakçılar qaydalarda yazıldığı kimi təhlükəsiz axtarış proseduruna əməl etməyiblər. Mövcud məlumatlara görə , Sinqapurdakı iştirakçıda məlumat axını var idi".
Həmin dövrdə Sinqapurda Avropa ölkələrindən yüksək rütbəli hərbçilərin iştirakı ilə aviasiya sərgisi keçirildiyinə diqqət çəkən Pistorius, belə bir hadisənin Rusiya kəşfiyyatı üçün nadir bir tapıntı olduğunu və orada istifadə edilən otellərdə geniş telefon dinləmələrinin aparıldığını söyləyib .
Dinlənməsinin səbəbi tapılsa da, bu məsələ ilə bağlı araşdırmanın davam edəcəyi və bütün cihazların yoxlanılacağını deyən Pistorius bu görüşdə WebEx platforması düzgün istifadə olunsa belə, WebEx üzərindən müzakirə olunmaması gərəkən məsələlərin olub-olmamasını da araşdıracaqlarını bildirib.
Almaniyanın müdafiə naziri Pistorius da bu konfransa qatılan əsgərlərə qarşı ilkin istintaqa başlanıldığını, nəticədən asılı olaraq intizam istintaqının başlana biləcəyini vurğulayıb.
Bunun konfransa qatılan iştirakçılar üçün heç bir nəticəsi olmayacağını bildirən Pistorius deyib ki, "ən yaxşı zabitlərimdən heç birini Putinin oyunlarına qurban verməyəcəyəm".
Hadisə ilə bağlı tərəfdaş ölkələrin müdafiə nazirləri ilə də görüşdüyünü deyən Pistorius, tərəfdaşların Almaniyaya etibarının davam etdiyini bəyan edib.
“Rusiyadan gələn bu hibrid hücumun bizi ayırmasına icazə verməyəcəyik” deyən Pistorius, hadisəyə qətiyyətlə işıq salacaqlarını bildirib.
Nazir Pistorius Almaniya ordusunun rabitə sistemlərini təkmilləşdirməli olduğunu vurğulayaraq, rabitə sistemlərinə hücumların əhəmiyyətli dərəcədə artdığını deyib. Pistorius başqa bir telefon dinləmə hadisəsi olub-olmaması ilə bağlı məlumatı olmadığını qeyd edib.
Tahir TAĞIYEV