Moskvadakı avropalı səfirlər Lavrovun görüş dəvətini rədd etdi - Medvedev səfirləri ölkədən qovmağa çağırdı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina edən Avropa İttifaqı səfirlərini ölkədən çıxarmağa çağırıb.
"Bu, diplomatik missiyaların mövcudluğu və səfirlərin təyin edilməsi ideyasına tamamilə ziddir", - Medvedev X sosial şəbəkəsindəki mesajında bildirib.
O bildirib ki, əslində bu səfirlərin hamısı Rusiyadan qovulmalı və diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır. “Bunlar səfir deyil, öz həqiqi vəzifələrindən bixəbər siyasi axmaqlardır”, - o yazıb.
Medvedev avropalı səfirləri ölkədən çıxarmağa çağırdıqdan sonra Dumanın deputatları da səfirlərin araşdırılmasını tələb ediblər. Ria-nın məlumatına görə, deputat Mixail Şeremet səfirlərin casusluq fəaliyyəti ilə məşğul olub-olmamasının araşdırılmasını təklif edib.
Qeyd edək ki, Lavrov bəyan edib ki, o, avropalı səfirləri prezident seçkiləri öncəsi görüşə dəvət edib, lakin onlar görüşdən iki gün əvvəl bu dəvəti rədd ediblər.
Tahir TAĞIYEV