Erməni mediası Səbinə Əliyevanın fikirlərini dəstəklədi
Rauf Zeyni: “...Əgər Ermənistan rəhbərliyi regionun, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini düşünürsə...”
Hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən və Azərbaycan rəsmilərinin bəyanatlarını, açıqlamalarını təhrif edərək təqdim edən, qulp qoyan erməni mediası nədənsə bu dəfə xəbəri olduğu kimi yayıb. Söhbət Azərbaycanın ombudsmanı Səbinə Əliyevanın Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağrışından gedir ki, erməni mediası onu olduğu kimi verib. “Beynəlxalq ictimaiyyət İrəvanın Bakını mina sahələrinin xəritələri ilə təmin etməsi üçün Ermənistan hakimiyyətinə ciddi təzyiq göstərməlidir”.
Ombudsman “minalar mülki əhalinin və hərbi qulluqçuların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir”-deyib.
Qeyd edək ki, martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayıb və 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
“Mina terroru həm bizim ölkəmiz, həm də region üçün çox böyük təhlükə yaradır”
Milli QHT Formunun prezidenti Rauf Zeyni məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, görünür, erməni mediaları arasında da artıq reallığı dərk etmək istəyənlər var. O vurğuladı ki, mina terroru bütün bölgə üçün təhdiddir. “Heç kimə sirr deyil ki, mina terroru həm bizim ölkəmiz, həm də region üçün çox böyük təhlükə yaradır. Minalanmış sahələrin təmizlənməsi, bu təhlükənin aradan qaldırılması cəmiyyət, dövlət üçün çox aktual məsələdir. Ona görə də, ombudman Səbinə Əliyevanın mövqeyini bölüşürəm ki, dünya ictimaiyyəti Ermənistana təzyiqlər göstərməlidir. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir ki, minalanmış sahələrin dəqiq xəritələri Azərbaycana təhvil verilsin, bu təhlükə aradan qaldırılsın”-deyə R.Zeyni bildirdi.
R.Zeyni əlavə etdi ki, ombudsmanın bu mövqeyini bütün vətəndaş cəmiyyəti institutları, ölkə əhalisi ciddi şəkildə dəstəkləyir. O qeyd etdi ki, vətəndaş cəmiyyəti institutları da dəfələrlə mina təhlükəsinin aradan qaldırılması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edib. “Mina problemi həm insanların həyatına, həm cəmiyyətin durumuna təhlükə yaradır. Bütövlükdə isə sülh danışıqlarını əngəllyir. Mina təhlükəsi aradan qaldırılmadan hansı sülh danışığından, hansı əməkdaşlıqdan söhbət gedə bilər? Ona görə də əgər Ermənistan rəhbərliyi regionun, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini düşünürsə, bu məsələlərdən ciddi nəticə çıxarmalıdır və mövqeyində çox ciddi dəyişikliklər etməlidir ki, münasibətlər sülh sazişinin imzalanmasına gəlib çıxsın. Əlbəttə ki, regionda sülhün və sabitliyin qarantı kimi çıxış etmək imkanları yaransın. Yoxsa ki, mina problemi qala-qala, vətəndaşlar üçün hər an təhlükə yarandığı halda biz necə o vəziyyətlə razılaşa bilərik? Biz o vəziyyətə etirazımızı bildiririk, bütün dünya ictimaiyyətini mina təhlükəsinin aradan qaldırılması məqsədilə Ermənistana təzyiq göstərməyə çağırırıq”-deyə R.Zeyni vurğuladı.
İradə SARIYEVA