Dövlət imtahanı ləğv olundu - plagiat diplom işləri yaşayacaqmı?
Ilqar Orucov: “Sərbəst iş və ya diplom işinin necə yazılmasına nəzarət gücləndirilməlidir”
Məlum olduğu kimi, ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib. Dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2023-2024-cü dərs ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər. Ancaq diplom işinin yazılması hələ də qüvvədədir.
Danılmaz faktdır ki, bir çox tələbə diplom işini ya başqasına yazdırır, ya da müxtəlif mənbələrdən material taparaq plagiatlıq edir. Qeyd edək ki, diplom, kurs işinin yazılması üçün xüsusi şirkətlər var. Daha çox universitetlərin yaxınlığında açılan bu şirkətlər tələbələrə sadəcə mövzunun adını deməklə hazır işi istənilən vaxtda təhvil verəcəklərini bildirir. Həmin şirkətlərə müraciət edən tələbələr heç də az deyil. Vəziyyət belədirsə, diplom işinin əhəmiyyəti nədir?
“Tələbə konkret mövzu üzrə sərbəst işini özü işləməli və araşdırma aparmalıdır, təhsilalanlar verilmiş bu tələbdən sui-istifadə edirsə, bununla bağlı cəza mexanizmi olmalıdır”
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sərbəst iş tələbə tərəfindən yazılmalıdır. Hansısa şirkət və ya başqa şəxs tərəfindən sərbəst işin yazılması yolverilməzdir: “Nəinki sərbəst iş, o cümlədən diplom və magistr işlərinin də yazılması düzgün deyil. Təəssüf ki, bunu biznesə çevirənlər az deyil. Bununla bağlı sosial şəbəkədə elanlar, postlar yayılır. Bu kimi hallarla mütləq şəkildə mübarizə aparmaq lazımdır”.
Ekspert hesab edir ki, sərbəst iş və ya diplom işinin necə yazılmasına nəzarət gücləndirilməlidir: “Tələbəyə hansısa mövzu ilə bağlı diplom işi verilirsə, o, işini özü yazmalı, tədqiqat aparmalıdır. Bu hal sərbəst işlərə də aiddir. Tələbə konkret mövzu üzrə sərbəst işini özü işləməli və araşdırma aparmalıdır. Tələbələrə verilmiş bu tələbdən sui-istifadə edilirsə, bununla bağlı cəza mexanizmi olmalıdır”.
Günel CƏLİLOVA