Məsələn, azərbaycan dili müəllimi riyaziyyat dərsi deyir - bölgələrdən pis xəbər gəlir…
Nizami Hüseynov: “Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək istəyənlər azdır”
Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı özünü qabarıq şəkildə göstərməkdədir. Ucqar bölgələrə şagirdlərə dərs keçmək üçün göndərilən müəllimlərin bir hissəsi də müəyyən vaxtdan sonra orada dayanmır və geri dönür.
Qeyd etdiyimiz kimi, Azərbaycanda bəzi məktəblərdə müəllim çatışmazlığı hökm sürür. Bu da həmin təhsil müəssisələrində eyni müəllimin bir neçə fənni tədris etməsinə səbəb olur. Məlum problem Milli Məclisin İnsan hüquqları komitəsinin ötən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə bir müəllimin öz fənni ilə yanaşı digər fənləri də tədris etməsi problemi də öz əksini tapıb. Ombudsman qeyd edib ki, əvəzçilik qaydasında və müddətli əmək müqaviləsi ilə ixtisaslı müəllimlərin cəlb olunmasına baxmayaraq, ölkənin bəzi ucqar kənd və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində kadr çatışmazlığı müşahidə edilməkdədir. Belə ki, ixtisaslı müəllimlər öz fənləri ilə yanaşı, ehtiyac olduğu təqdirdə digər fənləri də tədris edirlər ki, bu da təhsilin keyfiyyətinın aşağı düşməsinə, eyni zamanda şagird və valideynlərin ciddi narazılığına səbəb olur.
“Bu gün bəzi bölgələrdə fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı var, xüsusən də xarici dil fənləri üzrə müəllim çatışmır”
Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ölkədə gənc müəllimlərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, lakin bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir: “Onların əksəriyyəti Bakıda işləmək istəyir. Bəzi bölgələrdə müəllim çatışmazlığı var və elə olur ki, məsələn, tarix müəllimi coğrafiyadan da dərs deyir. Niyə kadrlar kifayət etmir? Çünki gənc müəllimlər kəndə getməkdən çəkinirlər. Bu da onların şəraitə qane olmamaları ilə bağlıdır. Bölgələrdə də kifayət qədər ixtisaslı kadrların olması lazımdır. Qarabağ məsələsi həll olunduğu üçün işğaldan azad edilmiş rayonlarda da müəllimlərə ehtiyac yaranacaq”.
Həmsöhbətimizin sözlərinə görə, bu gün bəzi bölgələrdə fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı var. Xüsusən də xarici dil fənləri üzrə müəllim çatışmır: “Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək istəyənlər, demək olar ki, yoxdur. Bu səbəbdən də regionlarda müəyyən fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur”.
Ekspert hesab edir ki, bu sahədə yaşanan problemin həlli üçün müəllimlərin işə qəbulu imtahanlarında həmin ərazidə daimi yaşayan şəxslərə üstünlük verilməlidir. Eyni zamanda, ucqar yaşayış məntəqələri üçün əlavə həvəsləndirmə tədbirləri də görülməlidir: “Məsələnin başqa bir tərəfi də var. Hər il xeyli sayda namizəd müəllimlərin işə qəbulu imtahanlarından kəsilir. Böyük şəhərlərdə və rayon mərkəzlərində isə hətta müəyyən fənlərdən müəllim sıxlığı yaşanır. Belə nəticə çıxarmaq olar ki, ölkədə müəyyən fənlər üzrə kifayət qədər müəllim var, ancaq onlar bölgələrə getməkdə maraqlı deyillər”.
Günel CƏLİLOVA