Ermənistanda Aİ missiyası Azərbaycan əleyhinə nələr edir?..
Tural İsmayılov: “Avropa İttifaqı adı altında Ermənistan ərazisinə gələnlərin kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu aydındır”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Rusiya tərəfini “hadisələrin xronologiyasını düzgün izah etməyə, o cümlədən səbəb-nəticə əlaqəsini təqdim etməyə və Ermənistanı təqsirli olmadığı halda günahlandırmamağa” çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova isə bildirib ki, Ermənistanda Aİ missiyasının əsas vəzifəsi kəşfiyyat məlumatları toplamaqdır. Təbii ki, Zaxarova ilk növbədə Aİ missiyasının Rusiyaya qarşı kəşfiyyat məlumatları toplanmasını nəzərdə tutur. Lakin bu missiyanın həm də Azərbaycana qarşı məlumatlar topladığını istisna etmək olmaz. Beləliklə, Ermənistandakı Aİ missiyası Azərbaycana qarşı hansı gizli və aşkar fəaliyyətləri göstərir?
“Mülki missiya adı altında gələn qruplaşmalar əvvəlcə məhdud sayda və müəyyən bir müddət üçün Ermənistan ərazisinə gəlir, ancaq…”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı adı altında Ermənistan ərazisinə gələnlərin kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu aydındır: “Mülki missiya adı altında gələn qruplaşmalar əvvəlcə məhdud sayda və müəyyən bir müddət üçün Ermənistan ərazisinə gəlib. Ancaq zaman keçdikcə Ermənistanda onların qalmaq müddətinin artırılmasının şahidi olduq. Aİ nümayəndəliyinin Ermənistan ərazilərinə yayılma prosesi baş verdi. Hətta ötən ilin sonlarına doğru bütün Ermənistan coğrafiyasında Aİ mülki missiyası adı altında keçmiş alman kəşfiyyatçısının başçılıq etdiyi qruplaşmanın üzvlərinin sayı artmağa başladı. Bu da haqlı olaraq müəyyən sualların yaranmasına səbəb oldu”.
T.İsmayılov onu da əlavə etdi ki, Ermənistan ərazisindən ölkəmiz əleyhinə hansısa təxribat edilə bilməz.
Günel CƏLİLOVA