"2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub" - Baş Prokurorluq rəsmisi
Gəncə şəhərinə edilən hücumlar nəticəsində dövlət mülkiyyətində olan 21 sayda daşınmaz əmlaka zərər yetirərək 14.126.682 manat maddi ziyan vurulub. Trend xəbər verir ki, bu barədə Gəncəyə beşinci raket hücumunun dördüncü ildönümü ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanlı deyib.
“3.396 fiziki şəxsə məxsus 3.469 sayda daşınmaz əmlaka zərər yetirərək 72.407.444 manat, 85 fiziki şəxsə məxsus 92 nəqliyyat vasitəsinə zərər yetirərək 230.168 manat, 83 fiziki şəxsə məxsus sahibkarlıq obyektlərinə zərər yetirərək 597.350 manat, 1 fiziki şəxsə məxsus kənd təsərrüfatı obyektinə zərər yetirərək 2400 manat olmaqla, ümumilikdə 3.565 fiziki şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.237.362 manat, 1 hüquqi şəxsə məxsus 1 daşınmaz əmlaka zərər yetirərək 285.946,87 manat, 11 hüquqi şəxsə məxsus sahibkarlıq obyektlərinə (o cümlədən avadanlıq, alət və digər inventarlara) zərər yetirərək 60.205 manat olmaqla, ümumilikdə 12 hüquqi şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 346.151 manat olmaqla nəticədə xüsusi mülkiyyət üzrə ümumilikdə 3.577 fiziki və hüquqi şəxslərə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.583.514 manat olmaqla ümumilikdə, Gəncə şəhəri ərazisində 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub”,- deyə o bildirib.
Ş.Osmanlı deyib ki, erməni silahlı qüvvələri 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə, mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib.
Onun sözlərinə görə, 2020-ci ilin sentyabr ayının 27-də səhər saat 06-dan başlayaraq erməni silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.
"Qanunsuz silahlı birləşmələr Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq cəbhə boyu Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir şəhərlərini, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibbi müəssisələr atəşə tutulub.
4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100. 116. 117, 120. 186. 214. 218. 228. 279.-cu maddələri ilə cinayət işi başlanılıb”, - o əlavə edib.
Şahin Osmanlı vurğulayıb ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 nəfər nəfəf öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir.
"Xəsarət alan 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.
“Gəncə şəhəri ərazisində 21 dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub"-, deyə böyük prokuror qeyd edib.