Bakının ictimai nəqliyyatında "Brutto müqavilə" sisteminə keçid nə verəcək?..
Eldəniz Cəfərov: “Brutto müqavilə"nin üstün cəhəti ondadır ki, sərnişinlər də, sərnişindaşıyanlar da razı qalır”
Tıxac problemi paytaxt sakinlərinin gündəlik həyatını işgəncəyə çevirməkdə davam edir. Bu problemin həll olunması üçün aidiyyəti qurumlar çıxış yolunu ictimai nəqliyyatın populyarlaşdırılmasında görür.Yəni vətəndaşlar işə, harasa şəxsi nəqliyyat vasitəsilə deyil, ictimai nəqliyyatla getməlidir.
Məlumat üçün bildirək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu yaxınlarda avtobus daşımaları sahəsində şirkətlərin fəaliyyəti üçün bu yeni konsepsiyanı təqdim edib. Agentliyin sədri Anar Rzayev deyib ki, bu sistem üzrə bütün hesablamalar artıq mövcuddur və bu, kifayət qədər sadədir.
Qeyd edək ki, 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. "Brutto müqavilə" ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. Onun tətbiqi zamanı sərnişinlərlə daşıyıcı şirkətlər arasında bir qurum yaradılır. Gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir.
Beləlikləə, AYNA daşıyıcılara hər ay fiks bir məbləğ ödəyəcək, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə gedəcək.
Maraqlıdır, sərnişindaşımada “Brutto müqavilə”yə keçid effekt verəcəkmi?
“Brutto müqavilə" ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır”
Nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki,sərnişindaşımada "Brutto müqavilə"nin tətbiqindən sonra xidmətin keyfiyyəti yüksələcək: “Brutto müqavilə" ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. Məlumat üçün deyim ki, "Brutto müqavilə"nin tətbiqi zamanı sərnişinlərlə sərnişin daşıyan şirkət arasında bir qurum yaradılır. Gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir. "Brutto müqavilə"nin üstün cəhəti ondadır ki, sərnişinlər də, sərnişindaşıyanlar da razı qalır. Sərnişin sayından asılı olmayaraq sutkanın müvafiq saatında xətdə avtobus olur. Bir sərnişin olsa belə, daşıyıcı şirkət daşımanı intervala uyğun olaraq həyata keçirir. Özəl daşıyıcıların stabil gəliri olur. Belə olduqda sərnişindaşıyan şirkətlər də öz avtobus parkını yeniləyə bilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyanın ən inkişaf etmiş ölkələrində bu sistem mövcuddur və bu, dövlətin özəl daşıyıcılara olan dəstəyidir: “Daşınmasından asılı olmayaraq dövlət özəl daşıyıcılara müəyyən kompensasiya təklif edəcək. Məqsədlərdən biri də odur ki, 2030-cu ilə qədər bizim ölkəmiz təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməlidir. Bu bizim dövlət proqramlarımızda təsbit olunub. 2030-cu il Azərbaycanın milli prioritetlərində də bu göstərilib”.
Günel CƏLİLOVA