Əli Əsədov rüsumu artırdı - “yerli ayaqqabıların keyfiyyəti" məsələsi necə olacaq...
Natiq Cəfərli: “İdxal olunan təhlükəsiz ayaqqabıların gömrük rüsumunun artırılması yerli istehsalı stimullaşdıracaq”
Azərbaycanda yüngül sənaye, onun əsas sahələrindən biri olan ayaqqabı bazarı, demək olar ki, xarici idxaldan asılıdır. İdxal olunan ayaqqabılar arasında təhlükəsiz ayaqqabılar üstünlük təşkil edir. Məlumat üçün bildirək ki, təhlükəsizlik məqsədilə ayaqqabı idxalına yeni gömrük rüsumu müəyyən olunub. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetinin həmin Qərara dair izahında bildirilib ki, Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.
Qeyd edildiyi kimi, ayaqqabı idxalına yeni gömrük rüsumu müəyyən olunub. Bu qərar istər-istəməz ölkə daxilində təhlükəsiz ayaqqabı istehsal edən sahibkarlara dəstək olacaq. Belə olarsa yerli sahibkarların istehsal etdiyi təhlükəsiz ayaqqabıların keyfiyyətinə necə zəmanət veriləcək?
“Yerli istehsal yetərli səviyyədədirsə, tələbatı ödəyirsə gömrük rüsumunun artırılması yerli istehsalçılara dəstək olacaq”
Iqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, idxal olunan təhlükəsiz ayaqqabıların gömrük rüsumunun artırılması yerli istehsalı stimullaşdıracaq. Yerli istehsal yetərli səviyyədədirsə, tələbatı ödəyirsə gömrük rüsumunun artırılması yerli istehsalçılara dəstək olacaq: “Ancaq yerli istehsal lazımi səviyyədə deyilsə, daxili təlabatı ödəmək imkanında deyilsə xaricdən gətirilən təhlükəsiz ayaqqabıların gömrük rüsumlarının artırılması ilə bahalaşma müşahidə olunacaq. Yerli istehsalın təlabatı necə ödəyəcəyi müəyyən olunmalıdır. Yerli istehsal rəqabət qabiliyyətli olmalı, yüksək rəqabətə davam gətirməlidir ki, xarici məhsulların daxili bazarda satışını məhdudlaşdıra bilək. Ona görə burada rəqabət məsələsinə ciddi diqqət yetirilməli, yüksək keyfiyyətli məhsul istehsalı təmin olunmalıdır. Həmçinin istehsalı yaxşılaşdırdıqdan sonra daxili bazardakı xarici məhsulları sıxışdırıb çıxarmalıyıq”.
Günel CƏLİLOVA