Azərbaycanla AB arasında etimadı pozan şeylərin biri də budur...
Bəhruz Quliyev: “Müharibə başa çatsa da, Avroittifaq iki ölkə sərhədində təxribatçı əməllərini davam etdirir”
Avropa müşahidəçilər missiyasının “binokl diplomatiyası” qəbuledilməzdir. Bu barədə Prezident İlham Əliyev Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib.
Prezident Əliyevin sözlərinə görə, bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradır: “Avropa müşahidəçilər missiyasının müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasına nə ehtiyac var idi? Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi”.
Bundan başqa, ölkə başçısı rəsmi İrəvanın mövqeyini tənqid edərək, Ermənistanın sülh sazişinin razılaşdırılmış müddəalarının imzalanması ilə bağlı təklifini reallıqdan kənar adlandırıb.
Görünən odur ki, müşahidə missiyasının müddətinin Azərbaycanın razılığı olmadan uzadılması Avropa İttifaqına olan etimadı sarsıdır. Bu da öz növbəsində tərəflər arasındakı əməkdaşlığa mənfi təsir edir.
“Bütün bu hərəkətlər sülhə çox böyük maneədir, regionda yaranmış nisbi sabitliyə təhlükədir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Azərbaycanın Avropa İttifaqına və onun institutlarına olan etimadsızlığının günahı bütünlüklə rəsmi Brüsselin üzərindədir: “Avropa İttifaqı nə indi, nə də keçmişdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində obyektiv yanaşma sərgiləyib. ATƏT-in yaratdığı Minsk Qrupu 28 il ərzində Ermənistanın işğalçı siyasətinə haqq qazandırmaqla, faktları malalamaqla, beynəlxalq qanunları, BMT sənədlərini heçə saymaqla məşğul olub. Halbuki, rəsmi İrəvana Azərbaycan torpaqlarını işğal etdiyini xatırlatmaq kifayət idi ki, əks halda nələrin baş verəcəyini anlasın. Ancaq bunlar baş vermədi, Ermənistan da bundan iştahlanıb işğalı davam etdirdi”.
Politoloqun fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlarda, çoxsaylı danışıqlarda irəli sürdüyü variantların heç biri nə Ermənistan, nə də onun havadarları tərəfindən qəbul edilmirdi: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllini təklif edən Azərbaycanın qarşısına elə şərtlər qoyurdular ki, istər-istəməz hərbi yolla məsələnin həlli aktuallaşırdı. Hərb variantı isə İrəvanın tasmasını tutan qərbliləri qane etmirdi. Azərbaycan son addıma üstünlük vermək zorunda qaldı, 44 günlük müharibənin gedişi zamanı BMT Təhlükəsizlik Şurasında Fransa və digər ölkələrin təkidi ilə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması müzakirəyə çıxarıldı. Tarix təkrar olunurdu, 1992-ci ildə Azərbaycan torpaqları Ermənistan ordusu tərəfindən işğal ediləndə ABŞ-ın İrəvanı yox, Bakını cəzalandırması, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişlə Azərbaycana yardım göstərməsinin qadağan edilməsi, 2020-ci ildə II Qarabağ müharibəsində isə sanksiyaların tətbiqinə cəhd bir-birinə bənzəyirdi. Deməli, Qərb haqqı, ədaləti yenə də çeynəməkdə idi və bu gün də həmin siyasətini davam etdirir. Müharibə başa çatsa da, Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa etsə də Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində təxribatçı əməllərini hələ də davam etdirir. Fransa, Niderland, ABŞ, Kanada, Belçika və digər ölkələrin mülki formada olan hərbçilərini sərhəd yaxınlığında mövqeləndirməklə Avropa nəyə nail olmağa çalışır? Ermənistan bir tərəfdən sülh müqaviləsi imzalamaq imitasiyası yaradır, digər tərəfdən Avropa İttifaqının mülki müşahidə missiyasının sayını artırır, müqaviləni yeniləyir. Əlbəttə, bütün bu hərəkətlər sülhə çox böyük maneədir, regionda yaranmış nisbi sabitliyə təhlükədir”.
Vidadi ORDAHALLI