İrəvan və Bakıya sülh sazişini yekunlaşdırmaq üçün “3+3” platformasından istifadə etmək təklif edildi...
Moskva, Ankara və Tehran sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadə etməyi təklif ediblər. Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) iclasının yekunları üzrə bildirib.
"Həm biz, həm Türkiyə, həm də İran tərəfdaşlarımız olan Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif etdik", - deyə o bildirib.
S.Lavrovun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı da məsələlər var.
"Hazırda heç bir görüş nəzərdə tutulmayıb, erməni həmkarlar fasilə verib. Onlar hesab edirlər ki, əvvəlcə Türkiyə ilə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün İstanbulda "3+3" formatında xarici işlər nazirlərinin görüşü baş tutub. Görüşdə Azərbayca, Rusiya, Türkiyə, Ermənistan və İran XİN rəhbərləri iştirak edib.