"Rafa Group" 5 il ərzində 25 milyon manatı doğrultmalıdır - 70 yeni iş yeri açıla bilərmi...
Ölkədə özəl sektorun payının artırılması məqsədi ilə dövlət istehsal müəssisələrinin yaradıldıqdan sonra özəlləşdirilməsi bazar iqtisadiyyatı modeli ilə işləyən bir ölkə üçün məqbul haldır. İqtisadiyyatda özəl sektorun mövqeyinin gücləndirilməsi baxımından ölkədə dövlət istehsal müəssisələrinin hərraca çıxarılaraq özəlləşdirilməsi məqsədəuyğun qiymətləndirilməlidir.
Dövlət müəssisələri özəlləşdirilərək idarəetməsinə verilən sahibkarlara ilkin mərhələdə dövlət dəstəyi əsirgənməməlidir ki, onlar biznes mühitində özlərini doğrulda bilsin. Əvvəlcə bir ənənə mövcud idi - yalnız o dövlət müəssisələri özəlləşdirildi ki, onlar maliyyə baxımından ciddi problemlər yaşayırdı, rentabelsiz işləyirdi və ya ümumiyyətlə işini dayandırmışdı. Artıq bu ənənəni dəyişməyin vaxtı çoxdan çatıb. Belə ki, indi həmin ənənənin əksinə olaraq, əvvəlcə yüksək mənfəətlilik səviyyəsi göstərən dövlət müəssisələri özəlləşdirilməlidir ki, onlar özəl müəssisə olaraq, vergi ödəyici kimi müstəqil fəaliyyətdə özlərini uzun müddət doğrulda bilsin. Özəlləşdirilmədən daxil olan vəsaitlər hesabına isə qeyri-rentabelli müəssisələri rentabelli sıraya çıxartdıqdan sonra özəlləşdirmək daha çox səmərə verə bilər. Bu baxımdan ölkədə kifayət qədər özəlləşdirilə bilən və özəlləşdirilməyə hazırlanmasi gərəkən müəssisələr mövcuddur.
Bu günlərdə özəlləşdirilən, Bakının Qaradağ rayonunda - Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satılması müsbət haldır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xəbər verir.
Məlumata görə, uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslamış müəssisənin özəlləşdirilməsi üçün daha əlverişli şərtləri təklif edən “Rafa Group” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Qaliblə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor tərəfindən dövlət büdcəsinə 15 milyon manat köçürülməli, 5 il ərzində müəssisədə 10,8 milyon manatlıq İnvestisiya Proqramı icra edilməlidir. Proqram çərçivəsində müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması, azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, “Rafa Group” MMC əvvəldən elə bu dövlət müəssisəsinin icarədarı olub. Şirkətin kağız məhsulları emalı üzrə ölkəmizdə azı dörd il fəaliyyət təcrübəsi var. Yəni bu günlərdə özəlləşdirilən dövlət əmlakını indiyə qədər elə “Rafa Group” MMC özü idarə edib. Bu baxımdan hesab edirik ki, uğurlu sahibkarlıq subyekti olan “Rafa Group” MMC üzərinə götürdüyü öhdəlikləri daha qısa zamanda yerinə yetirə bilər.
Milli iqtisadiyyatın güclənməsi və müasirləşməsinin təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlara dəstək məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti və "Özbahçeci" tərəfindən bir sıra layihələr həyata keçirilib. Belə layihələrdən birinə də hələ dörd il əvvəl start verilib.
Belə ki, 2016-cı ildən fəaliyyət göstərməyən "Kağız Məhsulların Emalı" fabriki 2020-ci ilin aprel ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına keçmiş və həmin andan etibarən Korporasiya qeyd olunan fabrikin biznes mühitinə geri qaytarılması istiqamətində aktiv şəkildə fəaliyyətə başlamışdır. Bu məqsədlə dövlət və özəl əməkdaşlığı çərçivəsində bir neçə investorlar ilə görüşlər keçirilmiş, aparılan müzakirələr və təhlillər nəticəsində "Özbahçeci" brendi altında "Rafa Group" MMC ilə birgə fəaliyyətin təşkil olunması qərarlaşdırılmışdır.
Fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü 218 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 428 milyon ədəd təşkil etmisdi.
İtaliyanın bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunan məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunub.
Bundan əlavə, əsasən Almaniyadan təchiz olunmuş labaratoriya avadanlıqları məhsulların beynəlxalq standartlara uyğun test olunması və müasir metodlar ilə analizlərin aparılmasına imkan yaradılib.
Həmin vaxt fabrikin tam şəkildə işə düşməsi nəticəsində 60 nəfərlik yeni iş yerinin açılması təmin edilib. Layihənin əhəmiyyəti ilə bağlı digər vacib məqam yerli kadr bazasının gücləndirilməsi, beynəlxalq standartların tələblərinə uyğun olan istehsal prosesinin daha geniş şəkildə öyrənilməsi, eləcə də gələcəkdə bu sahənin ölkəmizdə təkmilləşdirilməsi və inkişafıdır. Artıq bu layihə uğurla başa çatdırıldı və estafet müstəqil olaraq “Rafa Group” MMC-yə verildi. Ümid edirik ki, “Rafa Group” MMC ona göstərilən etimadı doğruldacaq.
Dəniz NƏSİRLİ