Bu gün Ermənistanın "yaralı yeridir" - onu tarixləşdirə bilməzlər....
Mübariz Göyüşlü: “Ermənistan üçün nəinki Qarabağ mövzusu, ümumiyyətlə, Qarabağla bağlı olan bütün məsələlər bitib”
Ermənistanda sentyabrın 27-nin (2020-ci ildə Qarabağda 44 günlük müharibənin başladığı gün) Qarabağ müharibəsində ölənlərin anım günü elan edilməsi təklif olunub. Bu barədə Ermənistan KİV məlumat yayıb. Bu təklif müxalif deputat Qeqam Nazaryan tərəfindən irəli sürülüb.
Məlumata əsasən, Ermənistan hökuməti təklifi bir neçə gün əvvəl keçirilən iclasda rədd edib. Beləliklə, Ermənistanda sentyabrın 27-si anım günü kimi qeyd edilməyəcək. Hökumət qərarını onunla əsaslandırıb ki, yanvarın 28-də qeyd olunan Ordu Günü təkcə Ermənistan Respublikası Silahlı Qüvvələrinin yaranması bayramı deyil, həm də ölkənin müdafiəsində əməyi olanların şərəfinə qeyd olunur.
“Müxalif, radikal düşüncəli təşkilat və cəmiyyət üzvləri Ermənistan hökumətinin məlum qərarından nəticə çıxarmalıdır”
Ermənistanın məlum təklifi rədd etməsi barədə fikir bildirən siyasi şərhşi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bunları dedi: “Ermənistan hökumətinin bu təklifi qəbul etməməsi təqdirəlayiq haldır. Ermənistan üçün nəinki Qarabağ mövzusu, ümumiyyətlə, Qarabağla bağlı olan bütün məsələlər bitib. Ermənilər Qarabağla bağlı məsələlərə son qoymalıdır. Ermənistan hökuməti, cəmiyyəti, o cümlədən müxalifəti də bu məsələlərin onlar üçün qapandığını qəbul etməlidir. Ermənistan hökuməti bu reallıqları qəbul etdiyi üçün muxalifətçi deputatın fikrini, təklifini ciddiyə almayıb, razılaşmayıb. Belə bir təklifin qəbul edilməməsi əslində müsbət haldır. Düzdür, biz zaman-zaman Nikol Paşinyan və onun komandasının uyğunsuz açıqlamalarının, təkliflərinin şahidi oluruq. Ancaq bu davranış yerində olub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, müxalif, radikal düşüncəli təşkilat və cəmiyyət üzvləri Ermənistan hökumətinin məlum qərarından nəticə çıxarmalıdır. Ermənistan müxalifəti də Qarabağın Azərbaycana aid olduğunu dərk etməli və bu haqda hər hansı təklif, fikir irəli sürməməlidir: “Ermənistan xalqı bu gerçəyi qəbul edərsə gələcəkdə müsbıt perspektivlər ola bilər”.
Günel CƏLİLOVA