Ermənilərin Qarabağa qayıdışı yalnız bu şərt daxilində mümkündür - erməni prezidentin yanlışı...
Bəhruz Quliyev: “Əgər Ermənistan rəhbərliyi erməniləri Qarabağa qaytarmaq istəyirsə, azərbaycanlıların da öz dədə-baba yurdlarına qayıdışına razılıq verməlidir”
Ermənistan rəhbərliyi Qarabağdan könüllü köçüb gedən ermənilərin yenidən Qarabağa qaytarılması xülyasından əl çəkmək istəmir. Odur ki, tez-tez ermənilərin geri qayıdış “hüququndan” danışırlar.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalına müsahibəsində deyib ki, ermənilərin “Dağlıq Qarabağa” qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunandan sonra danışmaq mümkün olacaq.
Ermənistan prezidenti qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır, qayıdışdan danışmazdan əvvəl ilk növbədə “təhlükəsizlik məsələləri həll edilməlidir”.
Ermənistan prezidenti deyib ki, müəyyən amillər var və Qarabağdan getmiş ermənilərlə bağlı hansısa “şərtlərdən”də danışıb.
Vaaqn Xaçaturyan yanlış danışıb və Azərbaycanın əsas şərtini vurğulamayıb. Azərbaycan açıq-aydın şəkildə bəyan edib ki, ermənilərin Qarabağa qayıdışı Qərbi azərbaycanlıların geri qayıdışı ilə paralel həyata keçirilməlidir, əks halda o qayıdış mümkün deyil. Eyni zamanda, Azərbaycan hökuməti bildirib ki, ermənilərlə bağlı heç bir şərt irəli sürülə bilməz, onlar bizim ərazilərdə yalnız Azərbaycan vətəndaşları olaraq, bizim qanunlarımız çərçivəsində yaşaya bilərlər.
Ermənistan prezidenti bu əsas amilləri nəzərə almadan özlərinə sərf edən formada məsələyə şərh verib. Elə sülhsevərdirsə, Qərbi azərbaycanlıların da Ermənistan ərazisinə təhlükəsiz və ləyaqətli şəkildə qaytarılmalı olduğunu, qaytarılacaqlarını desin. Hər şey qarşılıqlıdır.
“Yəqin ki, Ermənistanın titulsuz, səlahiyyətsiz prezidenti Vaaqn Xaçaturyan bu faktları bilir”
SƏS Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “Əvvəla, ermənilər Qarabağdan zorla çıxarılmayıblar ki, istədikləri vaxtda da yenidən geri qayıda bilsinlər. Sübutlar da var ki, onlar öz istəkləri ilə bu yerləri tərk ediblər. İkincisi, Qarabağda 1988-ci ildən sonra dünyanın başqa-başqa ölkələrindən gətirilərək qanunsuz məskunlaşdırılan ermənilərin Ermənistan hakimiyyətinin təşkilatçılığı və separatçıların bilavasitə iştirakı ilə zorla çıxarılması Azərbaycana qarşı qurulmuş oyunun, böyük kampaniyanın bir hissəsi olduğu kimsəyə sirr deyil. Azərbaycan bu oyunlardan xəbərdar olduğu üçün zamanında Qarabağdakı mülki ermənilərə vətəndaşlıq vəd etdi, onların təhlükəsizliyinə zəmanət verdi. Amma artıq gec idi, düyməyə basılmışdı, Ermənistanın sonrakı proseslərdə Azərbaycanı “etnik təmizləmə”də ittiham etməsi üçün “sübut”a ehtiyacı var idi”-deyə bildirdi.
B.Quliyev bildirib ki, ermənilərin Qarabağa qayıtması üçün yeni şərtlər meydana gəlib: “Əgər Ermənistan rəhbərliyi erməniləri Qarabağa qaytarmaq istəyirsə, azərbaycanlıların da öz dədə-baba yurdlarına qayıdışına razılıq verməlidir. Təkcə Zəngəzurdan zorla qovulan azərbaycanlıların sayı Qarabağdakı ermənilərin sayından 4-5 dəfə çoxdur. Yəqin ki, Ermənistanın titulsuz, səlahiyyətsiz prezidenti Vaaqn Xaçaturyan bu faktları bilir. Əgər bilirsə, deməli şərtlərdən də xəbərdardır. Onu da bilir ki, Ermənistan dövləti bütünlüklə Azərbaycan torpaqları hesabına yaradılıb, ən son məlumatlarda yüz minlərlə azərbaycanlı öz evini, yurd-yuvasını ermənilərin təzyiqi, ölüm təhdidi altında tərk etməyə məcbur qalıb və bu gün onların hər biri öz evinə qayıtmaq istəyir. Bu onların haqqıdır. Dünyanın bəzi ölkələri, o cümlədən Fransa, ABŞ kimi ermənipərəst dövlətlər təkcə ermənilərin haqqını tanımamalıdır. Bu gün dünyada ikili standartlar hələ də davam etdirilir. Ermənistan-Azərbaycan qarşıdurmasında təkcə ermənilərin maraqları müdafiə olunur, onların mövqeyi ədalətli hesab edilir. Bəs BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kim və nə üçün qəbul edib? Məgər qətnamələrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və həmin qüvvələrin torpaqlarımızdan çıxarılması barədə yazılmayıb? Sual olunur, niyə bu qətnamələr 27 il kağız üzərində qaldı, kimsə bu sənəd barədə danışmadı, Ermənistanın beynəlxalq sənədin tələblərinə sayqı göstərməsini tələb etmədi? Belə görünür ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinə bu yanaşma sərf edib. Amma Azərbaycan həmin qətnamələrin icrasını təkbaşına öz üzərinə götürdü və torpaqlarını erməni işğalından azad etdi”.
İradə SARIYEVA