Müharibə bitməmiş BMT Qəzzada dağıntıları "pula çevirdi" - daha betər dağıdılmış Qarabağ hələ yada düşmür...
Mətin Məmmədli: “Həmin beynəlxalq təşkilatlar Azərbaycanın müraciətlərinə laqeyd yanaşır”
Məlum olduğu kimi, Dünya Bankı ötən ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 14-20 milyard dollar qiymətləndirib. Dünya Bankının BMT və Avropa İttifaqı ilə birgə apardığı cari hesablamalara görə, hazırda Fələstində maddi ziyan 14-20 milyard dollara yaxındır.
Qeyd etdiyimiz kimi, BMT və Dünya Bankı hələ Qəzzada müharibə bitməmiş dəymiş maddi ziyanı hesablayıb. Ancaq 30 il ərzində Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxladı, yarısını dağıtdı, məhv elədi. Bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət etdik ki, gəlin dəymiş ziyanı hesablayın. Ancaq həmin qurumlar Ermənistanın Azərbaycana vurduğu ziyanı hesablamadılar, bu məsələni ciddiyə almadılar. Bu isə o deməkdir ki, həmin təşkilatlar ikili standartlarla siyasət aparır.
“Dünya ölkələri, beynəlxalq təşkilatların baş verən hadisələrə, proseslərə ikili standartlarla yanaşması günümüzün reallığıdır”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünya ölkələri, beynəlxalq təşkilatların baş verən hadisələrə, proseslərə ikili standartlarla yanaşması günümüzün reallığıdır: “Təəssüf ki, bu reallıq dəyişmir. Bu reallığın dəyişməməsinin əziyyətini də haqsızlığa maddi, mənəvi, fiziki məruz qalmış dövlətlər, xalqlar çəkir. Xatırladım ki, torpaqlarımız işğalda olduğu müddətdə də, işğaldan sonra da beynəlxalq təşkilatlara müraciət etmişik ki, işğal olunan ərazilərdə nələrin baş verdiyini, nə kimi ziyanlar dəydiyini öz gözləri ilə görsünlər. Görsünlər Ermənistan Azərbaycan ərazisində hansı vəhşilikləri törədib, ölkəmizə maddi, mənəvi zərər, ziyan vurub. Onu da deyim ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlara dəfələrlə müraciət edib ki, ölkəmizə vurulan maddi ziyanı hesablasınlar. Təəssüf ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanın müraciətlərinə laqeyd yanaşırlar”
Siyasi şərhçi onu da əlavə etdi ki, dünya birliyi, beynəlxalq təşkilatlar münaqişə baş verən ölkələrə çevik və operativ reaksiya verir. Əlbəttə, belə bir yanaşma və mövqe qəbul dilməzdir. Bu cür reaksiyalar beynəlxalq təşkilatlara inamı sarsıdır.
Günel CƏLİLOVA