Minimum pensiya birdən-birə 40 manat artırıldı...
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 23-də “Sosial rifahın yaxşılaşdırılmasına” dair sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat müəyyən edilib.
Bununla yanaşı, Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Beləliklə, minimum pensiya məbləği gələn ildən 320 manat olacaq.
Musa Quliyev: “Fevral ayının 1-dən minimum pensiyalar da artırılacaq, 320 manat pensiyanın minimum məbləğini təşkil edəcək, bu da cari pensiyadan 40 manat və yaxud 14 faiz çoxdur”
Bu barədə fikir bildirən millət vəkili Musa Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında verdiyi Sərəncam sosial islahatlar sahəsində aparılan işlərin növbəti davamıdır: “Fevral ayının 1-dən minimum pensiyalar da artırılacaq, 320 manat pensiyanın minimum məbləğini təşkil edəcək. Bu da cari pensiyadan 40 manat və yaxud 14 faiz çoxdur. Bu da kifayət qədər ciddi artımdır və təxminən bizim minimum pensiya alanlarımız eyni zamanda üstünə gəlsək ki, gələn il pensiyaların sığorta hissəsi də artacaq və deməli bütün pensiyaçılar gələn il öz pensiyalarında artımı görəcəklər. Bütövlükdə bu artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək və dövlət büdcəsindən əlavə olaraq 1,4 milyard manat vəsait sərf olunacaq. Bu kifayət qədər böyük məbləğdir və əminliklə deyə bilərik ki, artıq bu sərəncamla Prezident 5-ci dərin sosial islahatlara start vermiş oldu. Gələn il pensiya, əməkhaqqı, təqaüd və müavinətlərdəki artımlar faiz etibarilə inflyasiyanı iki, üç dəfə üstələyəcək. Bu da vətəndaşlarımızın sosial rifahının qorunmasına və yaxşılaşmasına xidmət edəcək”.
Natiq Cəfərli: “Minimum pensiyaların minimum məbləğindəki artımlar gözləniləndən daha çoxdur”
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, minimum əmək haqqı və pensiyaların minimum məbləğindəki artımlar gözləniləndən daha çoxdur: “Artımın 10 faiz civarında olacağı gözlənilirdi, lakin daha yüksək oldu. Cənubi Qafqaz regionunu götürsək, bizdə digər iki ölkə ilə müqayisədə dollar ifadəsində hər iki məbləğ daha yüksək olacaq”.
Günel CƏLİLOVA