Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır
Qərb - ABŞ, Fransa və bəziləri özlərini demokratik dövlət hesab edirlər. Humanist prinsip olmadan demokratiya ola bilməz. Bu gün ABŞ-ın fitvasıyla Qəzzada olan hadisələr insanlıqdan xəbər verirmi? Qəzzada 46 mindən çox insanın, körpələrin, uşaqların, gənclərin qadınların, qocaların qətlə yetirilməsində kimlərdir günahkar?
Qərb Ukrayna prezidentinə ümid verərək Rusiya ilə müharibəyə təhrik etdi. Volodimir Zelenski Qərbin vədlərinə uydu. Müharibədə 400 mindən çox insan qətl olundu. Ukrayna prezidenti ABŞ-dan az qala yalvararaq yardım istəyir. Qərb Ukraynaya nə normal yardım edir, nə də müharibənin dayandırılmasına vasitəçilik edir? Bu demokratiyadırmı, burada hansı insan hüquqlarının müdafiəsindən danışmaq olar? Qərb növbəti hədəf kimi Gürcüstanı götürdü. Gürcü xalqı ağıllı oldu və Qərbin müdaxiləsinə mədəni surətdə imkan vermədi.
Qərbin növbəti hədəfi Ermənistandır. Ermənistan elə qondarma bir terrorçu dövlətdir ki, bu dəqiqə terrorçulardan da təklif olsa, ərazisinə gətirər. Çünki bu dövlətin “xəmiri” terrorla yoğurulub, başqa sözlə, Ermənistan başqasının ərazisində terror metodu ilə yaradılıb. Ermənistan ABŞ-ın, Fransanın şirin vədlərinə inanır. Azərbaycanla sülh müqaviləsi bağlamır. Halbuki Ermənistan Makronu neçə dəfə ölkəsinə dəvət etsə də, o gəlməyib. Bu da onu göstərir ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək və regionun Rusiya ilə münasibətlərini mənfiyə yönəltmək üçün Ermənistandan oyuncaq kimi istifadə edir.
Ədalətli, humanist, demokratik dövlət Azərbaycan, Türkiyə kimi olur. Azərbaycan Fransanın Afrika dövlətlərində, kiçik ada dövlətlərində neomüstəmləkəçilik siyasətini ifşa etdi, haqsızlığa, ədalətsizliyə qarşı susmadı, məzlumların yanında oldu. Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya xalqının yanında oldu, hökumət quruculuğu işlərinə yardım edir. Bu o deməkdir ki, Azərbaycan, Türkiyə kimi dövlətlər dünyada sülh və təhlükəsizliyin yaradılmasına öz töhfələrini verirlər. Bu dövlətlər dünya dövlətlərinin problemlərinin müzakirə edildiyi BMT təşkilatında sözü keçən, yəni veto hüquqlu dövlət olmalıdırlar.
COP 29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT Baş katibi Antonio Quterreşin nitqlərini müqayisə etmək kifayətdir. Cənab İlham Əliyevin dediklərini BMT Baş katibi təsdiq etməyə risk etmədi. Prezidentin çıxışından yalnız bir hissəni qeyd edirəm:“1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır”.
BMT-nin zəifliyi Qəzzada olan hadisələrə münasibətdə də aydın görünür. Qəzzada acından, susuzluqdan, həlak olmuş insanlarla bir yerdə saxlandıqları üçün epidemik xəstəliklərdən əziyyət çəkən köməksiz insanlara sadə bir humanitar yardım etməyə BMT risk etmədi. Çünki bu müharibə ocaqlarını yaradanlar elə ABŞ, Fransa kimi BMT-nin veto hüquqlu dövlətlridir.
Ramilə Dadaşova
Siyasi elmlər doktoru, dosent
AMEA Qafqazşünaslıq İnstitutunun direktor v.i.e.