Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...
Əli Orucov: "Erməni baş nazir çox hiyləgərliklə MDB, Aİİ və KTMT-dən qopmaq istiqamətində davamlı addımlar atmaqdadır"
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində videokonfrans vasitəsilə iştirakını gözləyir.
Peskov əlavə edib ki, bu çox vacibdir, çünki Ermənistan təşkilatın çox mühüm iştirakçısıdır. Bundan əvvəl Nikol Paşinyan koronavirus diaqnozu ilə əlaqədar Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəyini bildirmişdi.
Xatırladaq ki, MDB ölkələri liderlərinin görüşü ənənəvi olaraq dekabrın sonunda Sankt-Peterburqda keçirilir.
Belə qiymətləndirmək olarmı ki, Paşinyan MDB və Aİİ strukturları ilə də əlaqəni kəsmək qərarına gəlib?
“Bakı-Xəbər” qəzetinin sualına cavabında Əli Orucov bildirdi ki, Paşinyan batan gəmidə Rusiya ilə birgə batmaq istəmir: "Çalışır ki, Moskvanı çox da qıcıqlandırmadan yumşaq şəkildə məsafədə dayansın. Aydındır ki, kəskin dönüş Kremlin qəzəbinə tuş gələ bilər və Ermənistan üçün faciəli fəsadlarla nəticələnə bilər. Odur ki, Paşinyan müxtəlif bəhanələrlə Rusiyanın patronajlığı altında olan birlik və təşkilatlardan qaçır. Avrasiya İqtisadi İttifaqının son toplantısından yayınmaq üçün yoluxma səbəb kimi göstərilsə də, məncə bu bəhanədir.
Digər tərəfdən, Qərblə Rusiya arasında artan gərginliyin daha təhlükəli fazaya qədəm qoyması, cəbhə xəttinin daha da dərinləşməsi səbəbindən Cənubi Qafqaz ölkələrinə də, xüsusən də özünü Avroatlantika məkanına inteqrasiya xətti tutduğunu göstərən Ermənistandan konkretlik tələb olunur. Əvvəlki dövrlərdə olduğu kimi, balans siyasəti yürütmək çox çətinləşib. Paşinyan Putinlə sıx əlaqəsi olan siyasi liderlərin, dövlət rəhbərlərinin acınacaqlı halını görüb və nəticə çıxarır. Anlayır ki, ikili oyun oynamaqla, manipulyasiyalar etməklə uzun müddət prosesləri uğurla davam etdirmək mümkün deyil.
Erməni baş nazir çox hiyləgərliklə MDB, Aİİ və KTMT-dən qopmaq istiqamətində davamlı addımlar atmaqdadır. Lakin Rusiyanın onun bu siyasətinə uzun müddət dözümlü yanaşacağını düşünmək çətindir".
Dəniz NƏSİRLİ