Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...
Elxan Əliyev: “İctimai nəqliyyatda məktəbli uşaqlara güzəşt edilməlidir”
Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir. məktəblilərin bu hərəkəti sürücülərin narazılığına səbəb olur.
Bu səbəbdən də avtobus sürücüləri məktəblilərin dayandığı dayanacaqda saxlamır. Belə olan halda şagirdlər uzun müddət dayanacaqda gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur.
Maraqlıdır, ictimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?
“Bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ictimai nəqliyyatda yalnız 10 yaşdan yuxarı uşaqlar tam bilet haqqını ödəməlidirlər: "Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır”.
Ekspert hesab edir ki, orta məktəb şagirdləri ictimai nəqliyyatda gediş haqqından azad olunmalıdır: “Məktəbli uşaqlara güzəşt edilməlidir. Bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər. Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranılmamalıdır. Təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər nəzərdə tutulmalıdır. Azərbaycanda isə 5 yaşına qədər olan uşaqların nəqliyyatdan istifadəsi pulsuzdur. Digər yaşda olan şagird və tələbələr isə tam gedişhaqqı ödəyir. Bir daha qeyd edirəm ki, bu məsələnin həlli üçün o qədər də böyük vəsaitlərə ehtiyac yoxdur”.
Günel CƏLİLOVA