Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...
İlkin məlumatlara görə, Rusiya raketi Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb olub. Trend xəbər verir ki, bu barədə "Euronews" öz mənbələrinə istinadən xəbər verir.
"Euronews" bildirir ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına məhz Rusiyanın "yer-hava" raketi səbəb olub. Mənbələrin məlumatına görə, raket Qroznı səmasında pilotsuz uçan aparatların olduğu zaman 8432 nömrəli reysə atılıb.
"Raket uçuş zamanı təyyarənin yaxınlığında partlayıb və onun parçaları sərnişinlərə və ekipaj üzvlərinə dəyib", - deyə mənbələr bildirir.
Həmçinin bildirilir ki, təyyarənin GPS naviqasiya sistemləri dəniz üzərindən bütün marşrut boyunca çalışmayıb.
Caliber.Az redaksiyasının etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə isə, ilkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.
Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.
Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.
Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır", - deyə nəşrdə vurğulanıb.
Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır.
"Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir.
Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir".
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev isə öz Facebook səhifəsində yazıb ki, Türkiyə mediası Aktau təyyarə qəzasının quş sürüsü üzündən baş verdiyi(?) versiyasını az qala kənara qoyur və təyyarənin Qroznı aeroportuna yaxın yerdə atəşə tutulduğuna birinci dərəcəli ehtimal verir.
"Məhz bu mənbələrdən çox ilginc görünən bir xəbər də aldım. Xəbərdə deyilir ki, "Radar-24"-dən alınan bilgiyə görə, həmin anda Qroznı aeroportu təyyarəni qəbul edə bilmək iqtidarında olub və hava şəraiti tam aydın olub. Qardaş ölkə uzmanlarının izahına görə, Qroznı aeroportu həmin ərəfədə raket və ya dron hücumuna məruz qaldığı üçün Azərbaycan təyyarəsinə başqa istiqamətə yönlənmək təlimatı verilib, bu anda təyyarə dronların və ya raketin hədəfinə gəlib. Uzmanlar iddia edir ki, təyyarə zədə alsa da, Qroznıdan Aktau istiqamətində uçuşun ilk 75 dəqiqəsini xüsusi bir təzahür olmadan uçub və yalnız Aktauya yaxınlaşanda havada "8" yaxmağa başlayıb. Sonrası məlum...
Beləliklə, təcrübəli Türkiyə mediası öz araşdırmalarında "təyyarə Qroznı səmasında atəşə tutulub" versiyası üzərində daha möhkəm dayanır..” – deyə A.Quliyev bildirir.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
TAHİR